“Bəlkə meyxanaçılara da Xalq artisti adı verək?”

“Əsil sənət qalıb bir tərəfdə, “meyxana sənəti” deyilən saxta sənət növü tapırlar! Bəlkə meyxanaçılara da Xalq artisti adı verək? Onlar da deyirlər axı, “biz xalqa xidmət edirik!” Bu boyda ölkədə nöqsanlar, çatışmayan heç nə yoxdur?”

Bunu Moderator.az-a açıqlamasında yazıçı Xeyrəddin Qoca telekanallarımız haqda danışarkən deyib. Yazıçı aparıcıların Azərbaycan dilini bilmədiklərini bildirib:
“Televiziyalardakı biabırçılıq aradan qalxmır! “YouTube” kanalından bir rubrika açıblar: “Tüpürüm sizin verilişlərinizə!” Kobud səslənsə də, həmin rubrika altında televiziyalarda baş verən biabırçılıqlar təkzibedilməz faktlarla ifşa olunur. İnsanların çoxu artıq, Azərbaycan televiziyalarına baxmırlar. Mən də 3 ildir baxmıram. Bu fikri bildirən kimi “televizionşiklər” sual verirlər ki, “baxmırsınızsa, eyiblərimizi necə görürsünüz?” Bizim də cavabımız var: “YouTube” kanalında “Tüpürüm sizin verilişlərinizə!” rubrikası altında yayımlanan faktlara baxmamız kifayətdir. Hər hansı kanalı açmağımıza peşman oluruq, ya səhv danışıq görürük, dilimizi bilməyənlərlə “rastlaşırıq”, ya yaltaqlı “nümunələri” eşidirik, ya iki nəfərin bir-birini tərifləməsinin şahidi oluruq, ya bədənini və oturacaq tərəfini yırğalaya-yırğalaya oxuyan “müğənniləri” görürük, ya Tolik kimi “ikiniz” sözü əvəzinə “ikizüvüz” deyən aparıcılar zəhləmizi tökür, ya savadsız siyasətçilərin mənasız danışıqlarından bezirik, ya bəzi deputatların insanları qıcıqlandıran “söhbətlərini” eşidirik, ya savadsız mətnlərlə hazırlanmış reklamlar qulağımızı deşir, ya aparıcıların şit hərəkətləri “ətimizi tökür”, ya “qoluboyları” dinləməli oluruq, ya da “Səni deyirlər, məni deyirlər” kimi “həmrəylik” mahnılarına göbək atanlara baxırıq və o dəqiqə də televizoru söndürürük və söyüş qoyuruq: “Bir də Azərbaycan televiziyalarına baxanın…”

Bax, belə! Şəxsən mən başa düşə bilmirəm, televiziyalarımızda əl-ələ tutub yallı gedən yekə-yekə arvadların (bilərəkdən “xanımların” demirəm) sahibləri yoxdur? Boğazlarının qalın yerinə salıb reklam oxuyan gədələrin səsindən adamın beyni yorulur, bunu televiziyaların sədrləri görmürlər? Nakişinin biri ailə-uşağını atıb Rusiyaya gedərək Nataşalarla, Sonyalarla evlənib, qocalana kimi oralarda yaşayıb, axırda zəlil gününə düşübsə, bizim ona ürəyimiz niyə yanmalıdır? Boşanan, uşaqları ilə küçədə qalan qadınların həyasızlıqlarına, ah-nalələrinə qonşu ölkələr də baxır, axı! Ayıb deyil, adlarını da qoyublar “sosial verilişlər”! Qonşu ölkələrin televiziyalarında da eyni verilişlər var. O verilişlərə də bir baxın. İştirakçılar necə mədəni, aristokratlar kimi danışırlar! Əsil sənət qalıb bir tərəfdə, “meyxana sənəti” deyilən saxta sənət növü tapırlar! Bəlkə meyxanaçılara da Xalq artisti adı verək? Onlar da deyirlər axı, “biz xalqa xidmət edirik!” Bu boyda ölkədə nöqsanlar, çatışmayan heç nə yoxdur? Hər şey ütü kimi düppədüzdür? Televiziyalar bunları görmür? Heç görülən işləri də əməlli-başlı təbliğ edə bilmirlər! Saqqallıları nə doldurmusunuz televiziyalara? O nə danışıq, nə geyimlər? Televiziyalar “qədeşlərin” yeridir? Seriallar nə gündədir? Seriallardakı “aktyorların”çoxu aktyora bənzəmirlər, axı! Onları haradan tapıb gətirirlər? Danışıqları da lotu-potu danışığı! Televiziya sədrləri guya bütün bunları görmürlər? Yaxşı görürlər! Görünür, onlara belə sərf edir!.. Unutmayın, Azərbaycanda çox ağıllı adamlar var!”.

  DİGƏR XƏBƏRLƏR