Balaca gimnastımız Mina Abbasova Lüksemburqda 312 gimnast arasında 2-ci yerə çıxdı

Noyabr ayının 15-dən 17-dək Lüksemburqda Beynəlxalq Gimnastika Federasiyasının dəstəyi ilə “Aurore cup 2019” Bədii Gimnastika üzrə beynəlxalq turniri keçirilmişdir. Lüksemburqla yanaşı, Almaniya, Macarıstan, Ukrayna və digər ölkələrdən 12 klubun iştirak etdiyi müxtəlif yaş kateqoriyalı 312 gimnastın qatıldığı yarışmada Azərbaycanı balaca gimnastımız – Mina Abbasova təmsil edib.

Bu mötəbər idman tədbirində də yeni proqramla iştirak edən gimnastımız topla ifasına görə 2-ci yerə çıxaraq ümumi hesabda yarışın gümüş medalını qazanıb.

Həmişə olduğu kimi, Azərbaycan bayrağına bürünərək qazandığı mükafatını qəbul edən balaca gimnastımız sayca 38-ci medalını (14 qızıl, 20 gümüş, 4 bürünc) qazanıb.

Mina Abbasova indiyədək iştirak etdiyi bütün beynəlxalq turnirlərdə parlaq qələbələri ilə hər kəsin diqqətini cəlb edib. O, beş yaşından başlayaraq Macarıstanda beynəlxalq dərəcəli hakim Lyubov Bernat və İnqa Makusun rəhbərlik etdikləri “Rus RG Sport” klubunun üzvüdür. 10 yaşlı balaca gimnastımızının ən böyük arzusu ölkəmizi böyük miqyaslı dünya çempionatlarında və Olimpiya oyunlarında təmsil etmək, üçrəngli bayrağımızı zirvələrə qaldırmaqdır.

Xatırladaq ki, bu ay ərzində artıq üçüncü böyük qələbəsini qazanan Mina Abbasova noyabrın 1-də Rumıniyanın Arad şəhərində keçirilən turnirində qızıl, ötən həftə isə Sloveniyanın Lyublyana şəhərindəki yarışmada bürünc medala sahib olmuşdur.

Qarşıda Minanı ilin son turniri – Budapeştdə keçiriləcək ənənəvi “Yeni il” Beynəlxalq Gimnastika yarışması gözləyir. Uğurlar, Mina!

  DİGƏR XƏBƏRLƏR