Dəyişən heç nə yoxdur: “Qarabağ” ardıcıl altıncı dəfə qrupda qaldı – VİDEO

“Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.

Oxu.Az xəbər verir ki, Ağdam təmsilçisi İspaniyanın “Sevilya” klubu ilə görüşün ikinci hissəsində buraxdığı iki cavabsız qolla uduzdu – 0:2.

A qrupunun digər görüşündə Kipr APOEL-i Lüksemburqda “Düdlanj”ı eyni hesabla məğlub etməklə Nikosiyadakı ilk matçdakı yenilginin revanşını almış oldu. Bəs “Qarabağ”ın şansları qaldımı?

Hazırkı durumda onsuz da qrup birinciliyini iki tur öncədən təmin etmiş “Sevilya” 15 xalla liderdir. Avroliqanı ən çox qazanmış komanda statusunda olan Əndəlüs təmsilçisi bütün beş görüşdə qələbə qazanıb.

APOEL bu qələbə ilə xalını 7-yə çatdıraraq, vahid ikinci yer statusunu əldə edib. “Qarabağ” isə 4 xalda qalıb. Lüksemburq klubu 3 xalla sonuncudur. Dekabrın 12-də baş tutacaq sonuncu turda “Qarabağ” Tofiq Bəhramov adına Respublika Stadionunda autsayder “Düdlanj”ı qəbul etsə də, bu qələbə belə təmsilçimizi xilas etməyəcək. Hətta ikinci pillədəki APOEL öz meydanında “Sevilya”ya uduzsa belə.

Belə olacağı halda, APOEL-lə xallar bərabərləşərək 7 olacaq. Ancaq bu da “Qarabağ”ı xilas etməyəcək. Çünki “Qarabağ” APOEL-lə şəxsi oyunlarda geridədir. Bakıdakı oyunda qələbəni əldən verərək 2:2 hesablı bərabərliyə razı olan Ağdam təmsilçisi Kiprdə də qalib gəldiyi görüşdə 1:2 hesabı ilə uduzub.

Bu səbəbdən “Qarabağ” günahı özündə axtarmalıdır. Çünki bu cür asan qrupdan çıxmaq heç də çətin olmamalı idi. Görünür, bəzən Qurban Qurbanovun taktika düşüncəsi yalnız qrup mərhələsinə kimi oynamağa imkan verir. Qrup mərhələsi zamanı isə hansısa yeniliklər etmək lazımdır.

Bunun üçün isə jurnalistdə eyib tutmaq lazım deyil. Heç bizə “ötən mövsüm “Sportinq”lə oyundan əvvəl verdiyiniz MÜSAHİBƏ SÖZÜNÜ də yerinə yetirin” demirik. Sadəcə, xarici futbolu izləmək kifayətdir. Uzağa getməsək, cəmi üç aydır, komandanı çalışdıran APOEL-in baş məşqçisi Tomas Dollu nümunə götürmək lazımdır.

Əlinizdəki heyətdən də gileylənməyin. Sponsorlar yetəri qədər sizə şərait yaradıb. Elə olmasaydı, Xayme Romero, Abdellah Zubir kimi futbolçular heyətinizdə yer almazdı…

Acınacaqlı nəticə isə budur: “Qarabağ” ardıcıl altıncı dəfə qrupda qalır! Bizə isə indi bu görüntüləri təəssüflə izləmək qalır…

 

  DİGƏR XƏBƏRLƏR