Deputatlardan hökumətə uşaqpulu ilə bağlı çağırışlar

Milli Məclisin plenar iclasında çıxış edən deputat Fazil Mustafa dedi ki, o, əvvəlki müzakirələrdə ayrı-ayrı nazirlərin də parlament qarşısında, öz sahələri ilə bağlı çıxış etməsini təklif edib: “Bizdə belə bir qəribə qayda var: hökumət üzvləri əvəzinə, deputatlardan çıxış edir, bizə irad bildirir ki, dünyada belə qayda yoxdur. Heç olmasa gedin, Türkiyə nümunəsinə baxın. Bu, ona görə deyilir ki, bütün yük Baş Nazirin üzərinə düşmür, hökumət üzvləri bu yükü bölüşdürür”.

Daha sonra F.Mustafa uşaq pulunun bərpası ilə bağlı hökumətə müraciət etdi. Dedi ki, uşaq pulunun verilməsi həm də sağlam vətəndaşın yetişdirilməsinə dəstəkdir.

Deputat Fəzail Ağamalı da öz növbəsində dedi ki, uşaq pulu ilə bağlı məsələnin təsnifatını aparmaq lazımdır: “Heç kimə sirr deyil ki, bu gün nigahdankənar çoxlu uşaqlar dünyaya gəlir. Bu uşaqların atası ailəni qoyub gedir. Beləliklə, həmin ana uşaqla təkbaşına qalır, uşaq da maddi dəstəkdən kənarda qalır. Bu cür uşaqlara uşaqpulunun verilməsi çox zəruridir. Elə ailələr var ki, onların uşaqpuluna ehtiyacı yoxdur. Ancaq elə ailələr də var ki, bu dəstəyə ciddi ehtiyacları var, çünki ünvanlı sosial yardım da almırlar”.

F.Ağamalı dedi ki, ünvanlı sosial yardımı tədricən ləğv edib, bunu məşğulluqla əvəzləmək lazımdır.

Deputat Jalə Əliyeva isə dedi ki, ən azından ildə bir dəfə, məktəbli uşaqların olduğu ailələrə sentyabr ayı ərəfəsində dəstək verilə bilər: “Çünki ailələr sentyabr təlaşına girirlər”.

E.PAŞASOY
Musavat.com

  DİGƏR XƏBƏRLƏR