İqbal Ağazadənin evinə basqın edildi

“Ümid” Partiyasının sədri, keçmiş deputat İqbal Ağazadənin evinin əsas elektrik xətti xüsusi alətlə kəsilib, qaz sayğacından evə qaz dolmasını xəbərdar edən xətt sıradan çıxarılıb.

Oxu.Az-ın məlumatına görə, bu barədə İ.Ağazadə özünün “Facebook” səhifəsində yazıb.

O bildirib ki, hadisə bir ay yarım bundan qabaq baş verib.

Partiya sədri qeyd edib ki, noyabrın 27-də gecə saatlarında da qəfil işıqları sönüb.

“Qonşuların işıqlarının yanması məndə olayın təkrarlandığı qənaəti yaratdı. Mən dərhal küçəyə çıxdım və işığı kəsən adamın qaçdığının şahidi oldum. Uzun təqibdən sonra şəxsi yaxaladım.

Əlində xüsusi kəsici alət və özünü müdafiə üçün idman çubuğu var idi. Müqavimət göstərsə də, onu saxlamağa müvəffəq oldum”, – deyə o əlavə edib.

İ.Ağazadə bildirib ki, həmin şəxs milliyyətcə rus, idmanla peşəkar məşğul olduğunu deyən birisi idi.

“Heç bir sualıma cavab vermədi. Danışdırmağa cəhd etsəm də, sadəcə, susdu. Bu hərəkətini niyə edib, məni və evimi necə tanıdığı barədə heç bir cavab vermədi. Bunu sıradan bir hadisə hesab etmirəm. Qənaətlərimi hələ bölüşmək niyyətində deyiləm. Çünki şəxsi Xətai rayon 37-ci Polis Bölməsinə təhvil vermişəm”.

Sabiq deputat hüquq-mühafizə orqanlarından, xüsusilə Daxili İşlər naziri Vilayət Eyvazovdan hadisənin peşəkar araşdırılması üçün lazımi tapşırıq verilməsini xahiş edib.

  DİGƏR XƏBƏRLƏR