İranda 115 km uzunluğunda qədim sirli divar tapıldı – FOTOLAR

Alimlər bu nəhəng tikilinin necə və hansı məqsədlə tikildiyini söyləməkdə acizdirlər…

Arxeoloqlar İranın qərbində təxminən romalıların İngiltərə ərazisində inşa etdiyi məşhur Adrian divarı uzunluqda daş divarın qalıqlarını aşkar ediblər.
Moderator.az Rusiya mediasına istinadla xəbər verir ki, təxminən 115 kilometr məsafəyədək uzanan divar Qərbi İranın Sər Pol Zəhab vilayətində tapılıb.
“Təxminən bir milyon kub metrlik daş divarın tikintisi işçi qüvvəsi, material və zaman baxımından olduqca əhəmiyyətli resurs tələb edib”- deyə Tehran Universitetinin arxeologiya bölməsinin doktorantı Səccad Əlibayci “Antiquity” jurnalında dərc olunmuş məqaləsində yazır.
Məlumata görə, tikili şimalda Bamu dağlarından cənubda yerləşən Cav Mərg kəndinin  yaxınlığınadək uzanır.
“Tikili boyunca aşkarlanan dulusçuluq məmulatları onu deməyə əsas verir ki, bu divar b.e.ə. 4-cü, b.e. 6-cı əsrlərə aiddir”- İran alimi belə deyir.
“Tikilinin indi dağıdılmış vəziyyətdə olan qalıqları divar boyu bəzi yerlərdə görünəndir. Bunlar onlarla bağlı olan kiçik qalalar və binalar ola bilər”.
Tədqiqatçı divarın yerli materiallardan – çay daşı, gil, gips qarışıqlarından qurulduğunu bildirir.
Divarın mövcudluğu indiyədək  arxeoloqlara məlum olmasa da, yerli sakinlər bunu çoxdan bilir və divarı “Qavri” adlandırırlar.
 
Arxeoloqlar bu divarın kimlər tərəfindən və hansı məqsədlərlə inşa edildiyini,  eləcə də onun dəqiq eni və hündürlüyünü də dəqiq söyləyə bilmirlər.  Ən yaxın ehtimal budur ki, divar 4 metr enində, 3 metr hündürlüyündə olub.
“Tikilinin müdafiə məqsədi ilə və ya simvolik olaraq tikilməsi də aydın deyil”- deyən Əlibayci qeyd edir ki, bu qədim imperiyanın, çox güman ki, Parfiyalıların (b.e.ə. 247 – b.e. 224 illər) və ya Sasanilərin (b.e. 224-651) sərhədləri ola bilər. Hər iki imperiya İranın qərbində böyük qalalar, şəhərlər, suvarma sistemləri inşa etmişlər və hər ikisinin Qavri divarını tikmək üçün resursları olub.
Yeni aşkar edilmiş Qavri divarı İrandakı yeganə qədim uzun divar deyil. Arxeoloqlar bundan öncə də İranın şimal və şimal-şərqi ərazilərində oxşar tikililər tapıblar. Onların müdafiə məqsədi ilə inşa olunduğu ehtimal edilir.
Əlibayci gələcəkdə Qavri divarı ilə bağlı daha çox araşdırmalar aparılacağını güman edir.
Sultan Laçın

  DİGƏR XƏBƏRLƏR