Nargin mayakı: Bakıya gedən yolu göstərən işıq – FOTOREPORTAJ

1885-ci ilin yanvarında “Pilot qeydləri” adlı rus dərgisində yazılır:

“Hidrologiya departamentinin dənizçilərə nəzarət şöbəsindən verilən məlumatda bildirilir ki, Xəzər dənizində – Nargin adasının qərb qurtaracağında, Bakı buxtasının girişində yeni mayak işıqlandırma üçün açıqdır.

Mayakın işığı 15 saniyədən bir yanan daimi, ağ işıqdır. O, dəniz səviyyəsindən dörd fut yüksəklikdə yerləşir və üfüq qövsünü 325° işıqlandırır, dördüncü kateqoriyanı əks etdirən işıqlandırma cihazına malikdir”.

Bakı ilə ayrılmaz bağlılığı olan Nargin mayakının tarixi bu qeyddən sonra başlayır.

Buna qədər Bakı mayakı rolunu Qız qalasının yuxarı meydanında quraşdırılmış işıqlandırıcı qurğu icra edirdi. Ancaq Nargin mayakı istifadəyə verildikdən sonra Qız qalasındakı işığa ehtiyac qalmadı və o söndürüldü.

Daim təkmilləşdirilən Nargin mayakında 1912-ci ildə qüllə inşa edildi və ora dünyada ilk olan asetilen işıqlandırma cihazı ilə işıqlandırılan fənər qoyuldu. Bu aparatın istehsalına görə istedadlı isveçli mühəndis Nils Gustav Dalen fizika üzrə Nobel mükafatına layiq görülüb.

II Dünya Müharibəsinin əvvəlində alman aviasiyasının diqqətini cəlb etməməsi üçün Nargindəki mayak partladılıb və adada zenit silahlar yerləşdirilib.

Mayak yalnız 1958-ci ildə bərpa edilib: adanın ortasındakı bir təpədə 18 metr hündürlüyündə daşdan ibarət olan, fənər quraşdırılan qüllə inşa edilib və o, mürəkkəb optik naviqasiya sistemi ilə təchiz olunub. 61 ildir ki, bu bina Bakı üçün əsas bələdçidir.

Avadanlıq günəş panelləri ilə təchiz edilib və elektrik çatışmazlığı zamanı dizel generatoru işə düşür.

Mayakın yuxarı hissəsindən Azərbaycan paytaxtına heyrətamiz mənzərə açılır.

  DİGƏR XƏBƏRLƏR