Ölümüylə ölkəni silkələyən qızın atası həbs edildi

Girəsunun Eynəsil səmtindəki evlərinin qarşısında yaralı halda tapılan və aparıldığı xəstəxanada dünyasını dəyişən 11 yaşlı Rabia Naz Vətənin atası Şaban Vətən saxlanılıb.
Qaynarinfo xəbər verir ki, ölümü ilə Türkiyəni silkələyən qızın atasının hansı səbəbdən saxlanıldığı haqda məlumat verilməyib.
Xatırladaq ki, 2018-ci il aprelin 13-də yaralı tapılaraq xəstəxanada həyatı xilas edilə bilməyən Rabia Nazın ölüm səbəbinin üzə çıxarılması üçün Ədliyyə Tibb Ekspertizası 2 hesabat hazırlayıb. Hesabatlarda ölümün ümumi bədən travması və daxili orqan zədələri nəticəsində meydana gəldiyi və hündürlükdən düşməyə oxşaması qeyd edilib. Ailə isə qızının maşınla vurulduğunu və yaralı olaraq evin qarşısında tapldığını iddia edib.
Hadisə ilə bağlı istintaqı aparan Girəsun Baş Prokurorluğu iddia və ehtimalları diqqətlə incələyəndən sonra hadisənin yol qəzası ola biləcəyinə dair iddiaların əldə edilən nəticələrlə təsdiqlənə bilmədiyini bildirib. İstintaqda 60 nəfər də şahid olaraq dindirilib.
Rabia Naz Vətən başda olmaqla şübhəli uşaq ölümlərinin araşdırılması və bu istiqamətdə görüləcək tədbirlərin müəyyən edilməsi məqsədiylə TBMM-də yaradılan Araşdırma Komissiyasının 12 üzvü Eynəsilə gələrək araşdırma aparıb.
Rabia Naz Vətənin atası Şaban Vətən bu gün səhər prokurorluğun sanksiyası ilə saxlanılıb. Eynəsildəki evindən götürülən Vətən sağlamlığı yoxlanıldıqdan sonra polis idarəsinə aparılıb.
Şaban Vətən dünən qızının istintaqındakı gizlilik qərarının ləğv edilməsindən sonra istintaq sənədində yer alan bəzi məlumatlar, sənəd və görüntüləri sosial media hesabında paylaşaraq prokurorları bir neçə məsələdə ittiham etmişdi.

  DİGƏR XƏBƏRLƏR