Ukraynada cəbhə xəttindən qüvvələri çəkiblər

Kiyev və Rusiyanın dəstəklədiyi separatçılar Ukraynanın şərqində üçüncü cəbhə xəttindən əsgər və silahların geri çəkilməsini tamamlayıblar. Bu, inamyaratma addımlarından biridir, münaqişənin bitirilməsi üzrə dördtərəfli sammitə yol aça bilər.

2014-cü ilin aprelindən Ukraynanın Donetsk və Luqansk regionlarında münaqişə 13 mindən çox adamın həyatına son qoyub.

Ukrayna ordusu bildirib ki, noyabrın 11-də günortayadək Donetsk regionunun Petrivske və Bohdanivka məntəqələrindən qüvvələrin çıxarılması tamamlanıb. Ümumilikdə 42 hərbçinin, 3 zirehli maşının, 48 kiçik silahın 1 kilometr geri çəkildiyi bildirilir.

ATƏT müşahidəçiləri qüvvələrin çıxarılmasını təsdiqləyəndən sonra ərazinin minadan təmizlənməsinə başlanmalıdır.

Luqansk regionundakı separatçıların təmsilçisi daha öncə bildirib ki, ərazidən tamamilə çıxıblar.

Bu yaxınlarda Luqanskdakı cəbhə xəttinin daha iki hissəsindən qüvvələr çıxarılmışdı.

Oktyabrın 1-də Kiyevlə Moskva arasında danışıqlarda münaqişənin həllindən ötrü üzbəüz, dördtərəfli görüşün ilkin şərtləri müəyyənləşdirilib.

 

 

  DİGƏR XƏBƏRLƏR