Əhməd Davudoğlu yaratdığı yeni partiyasını elan edib

Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlu yeni partiya yaradıb.
“Report” “Hurriyet”ə istinadən xəbər verir ki, dekabrın 13-də paytaxt Ankarada Gələcək Partiya adlı siyasi təşkilatın tanıtım toplantısı keçirilib.
Partiyanın təsisçiləri 154 nəfərdən ibarətdir. Onlardan bir hissəsi hakim Ədalət və İnkişaf Partiyasından istefa verən şəxslərdir. Gələcək Partiyanın şüarı isə belədir: “Bizim bir gələcəyimiz var”.
Partiyanın tanıdılması toplantısında çıxış edən sədr Ə.Davudoğlu deyib: “Keçmişi qaralamağa deyil, ortaq bir gələcək qurmağa, yeni şeylər söyləməyə gəlmişik. Üz turşutmağa deyil, təbəssüm göstərməyə gəlmişik. Hazırda bizi bir-birimizdən ayıran deyil, birləşdirən siyasət barədə danışmalıyıq”.
Qeyd edək ki, dekabrın 12-də Gələcək Partiyanın rəsmi formada qeydiyyata alınması üçün Daxili İşlər Nazirliyinə müraciət olunub.
Xatırladaq ki, 1959-cu ilin fevralın 26-da anadan olmuş Ə.Davudoğlu 2009-2014-cü illərdə Türkiyənin xarici işlər naziri, 2014-2016-cı illərdə baş naziri vəzifəsini tutub. O, 2019-cu ilin sentyabrın 13-də hakim Ədalət və İnkişaf Partiyasından istefa verib.

  DİGƏR XƏBƏRLƏR