Əkrəm Həsənov: “Sığortası olmayanın heç kimdən təzminat tələb etmək haqqı yoxdur”

Yanan “Diqlas”a olan münasibət “EuroHome”da təkrarlanacaqmı?

“EuroHome” ticarət mərkəzindəki yanğından zərər görən sahibkarlar hələ də kompensasiya tələb edirlər. Bildirirlər ki, ticarət mərkəzinin ümumi sığortası olduğu üçün onlara dəyən zərərə görə kompensasiya ödənilməlidir.

Dekabrın 13-də Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev “EuroHome” ticarət mərkəzinin rəhbəri ilə birlikdə yanğından ziyan çəkmiş sahibkarlarla yenidən görüşüb. Sahibkarlara dəymiş ziyanla əlaqədar olaraq aparılan müvafiq araşdırmalar barədə məlumat verilib. Bildirilib ki, hazırda dəymiş ziyan müəyyən edilir və sahibkarlara ödəniləcək kompensasiya şərtləri müzakirə edilir.

Bu ərəfədə sahibkarlar və eləcə də ictimaiyyətdə bəzi şəxslər “Diqlas” ticarət mərkəzində baş verən yanğını misal gətirərək, orada olduğu kimi, “EuroHome”da da sahibkarlara dövlət tərəfindən yardımın edilməsini arzu edirlər.

Yada salaq ki, bu il martın 28-də “Diqlas”da baş verən yanğın zamanı da sahibkarların demək olar ki, bütün malları külə dönmüşdü. Həmin ticarət mərkəzində də sahibkarlar öz mallarını sığorta etdirməmişdilər. Lakin ölkə prezidenti humanist addım ataraq, yanğından zərər görən sahibkarlara yardım məqsədilə prezidentin ehtiyat fondundan 3 milyon vəsait ayırdı. Daha sonra müvafiq qurumları lazımı prosedurları həyata keçirdilər və zərər görən sahibkarlara dövlət tərəfindən maddi yardım edildi. Belə ki, mağaza, anbar icarəyə götürmüş və zərər çəkmiş sahibkara – 10000 manat, piştaxta və digər sahə icarəyə götürmüş və zərər çəkmiş sahibkara – 2000 manat vəsait ödənildi.

O zaman da bu məsələ ictimaiyyətdə birmənalı qarşılanmadı. Bəzi şəxslər bildirdilər ki, dövlət bu cür məsələlərdə sahibkarın yanında olsa da, sahibkarın özü də öz malını riskə atmalı deyil. Hazırda “Diqlas” tamamilə sökülüb, yerində isə heç bir tikili inşa edilməyib. Orada çalışanlar isə başqa yerlərdə kiçik sahibkarlıq fəaliyyətlərinə  davam edirlər.

eurohome ile ilgili görsel sonucu

Bəs “EuroHome”da malı yananlara da dövlət tərəfindən yardım ediləcəkmi? Bu xüsusda qanun nə deyir?

Öncə bildirək ki, dekabrın 13-də “EuroHome”da zərər görən sahibkarlar yenidən ticarət mərkəzinin qarşısına toplanıb, bazar rəhbərliyinə qarşı tələblərini irəli sürüblər. Sahibkarlar onlara kompensasiya ödənilməsini, biznes üçün götürdükləri kreditlərin bağlanmasını və şirkətlərə borcların qarşılanması üçün dəstəyin göstərilməsini istəyiblər.

Aksiya iştirakçıları ilə görüşən Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev hadisənin araşdırıldığını, sığortanın olmadığı halda ödənişin çətin olacağını bildirib. Bazarda isə heç bir sahibkarın sığortası yoxdur.

Zərərçəkənlər bu gündən evlərinə getməyəcəklərini və gecəni Bakı-Sumqayıt yolunun kənarında, yanmış bazarın qarşısında keçirəcəklərini bildiriblər.

eurohome ile ilgili görsel sonucu

“Yeni Müsavat”a danışan ekspert Əkrəm Həsənov bildirdi ki, əslində qanuna görə onların sığortası yoxdursa, heç bir ödənişi tələb etmək haqları yoxdur: “Bu ticarət mərkəzinin rəhbəri ”EuroHome”u daşınmaz əmlak kimi sığortalayıb. İlk olaraq bu məqama diqqət etmək lazımdır. Yəni yanğın nəticəsində ticarət mərkəzinə vurulan zərərin qarşılığını sığorta şirkəti ödəməlidir. Ancaq oradakı sahibkarların malları sığortalanmayıb. Bu malı sahibkarlar özləri sığortalamalı idi. Daha dəqiq desək, “EuroHome” burada sadəcə olaraq icarə verəndir. Buranın rəhbəri icarə verdiyi yerdə nə satılırsa, ona qarışmır. Qanunla da belə olmalıdır. “EuroHome”un sığortaladığı sadəcə olaraq öz daşınmaz əmlakı, binasıdır. Onun da əvəzini, dəyən ziyanı sığorta ödəməlidir. Sahibkarların isə öz əraziləri, mülkləri yoxdur. Onlar yalnız icarəçidirlər. Buna görə də sahibkarlar dövlətdən də qanunla heç nə tələb edə bilməzlər. Sadəcə olaraq xahiş edə bilərlər. Qanunla sahibkarlar öz mallarını sığortalada bilərlər. İstəsələr sığorta etdirməyib zərəri özləri qarşılayarlar”.

Ekspert bildirdi ki, indiki halda icra hakimiyyətinin də edə biləcəyi hal yoxdur: “İcra hakimiyyətindən də nə isə istəmək, sanki sovet dövründən qalma bir haldır. Əgər sən sahibkarsansa o zaman risklərini özün sığortalamalısan. Dövlətdən belə halda heç nə istəyə bilməzlər. O zaman səni dövlət müdafiə edər ki, hüquqlarını kimsə pozar. Burada isə yalnız bədbəxt hadisə baş verib. Buna qarşı sığortan mövcud deyilsə, o zaman itkilərini özün qarşılamalısan. Qanun bunu deyir”.

  DİGƏR XƏBƏRLƏR