Avropa İrandan BMT-yə şikayət etdi – Nüvə silahı daşıyan raket hazırlayır…

Fransa, Almaniya və Britaniya BMT-nin Baş katibinə İranla bağlı narahatlıqlarını bildiriblər. Onlar İranın BMT Təhlükəsizlik Şurasının qətnaməsini pozaraq nüvə silahı daşıya bilən ballistik raket hazırladığını deyirlər.

Qafqazxeber.az azadliq.org-a istinadən xəbər verir ki, bu 3 ölkənin BMT-yə göndərdiyi məktub dekabrın 4-də yayılıb. Məktubda bildirilir ki, “İranın nüvə qabiliyyətli ballistik raketlər hazırlaması” BMT Təhlükəsizlik Şurasının İranla 2015-ci il nüvə sazişini qüvvəyə mindirən qətnaməsinə uyğun deyil. Sözügedən qətnamə Tehranı belə raketlərlə məşğul olmamağa çağırır.

2015-ci ildə İranla nüvə sazişini Avropa Birliyinin bu 3 üzvüylə yanaşı Birləşmiş Ştatlar, Rusiya və Çin də imza atıb.

Birgə məktubda ortamənzilli raket variantının uçuş sınağı xüsusi qeyd olunur: “Sınaqda istifadə olunan Şahab-3 raket daşıyıcısı Raket Texnologiyasına Nəzarət Rejiminin 1-ci kateqoriyalı sistemidir və texniki olaraq nüvə silahı daşımağa qadirdir”. ABŞ Prezidenti Donald Tramp ötən ilin mayında İranla nüvə sazişindən çıxıb və Tehrana sanksiyaları bərpa edib. Həmin saziş İranın nüvə proqramını məhdudlaşdırması əvəzində sanksiyaların yüngülləşdirilməsini nəzərdə tuturdu.

Vaşinqton Tehranı nüvə qabiliyyətli raketlər əldə etməyə çalışmaqda ittiham edir, İran isə ittihamları rədd edir. Sazişin qalan beş tərəfi hələ də sənədi dəstəkləyir.

AB-nin üç ölkəsi BMT Təhlükəsizlik Şurasının İran üzrə qətnaməsini əsas gətirərək Tehranı “nüvə silahları daşımağa qadir ballistik raketlərlə əlaqədar heç bir fəaliyyətlə məşğul olmamağa çağırır”.

  DİGƏR XƏBƏRLƏR