Daha bir iri ticarət obyekti yandı: Yenə sığortasızlıq yada düşəcək… (ŞƏRH)

Bildiyiniz kimi, son illərdə yanan iri ticarət obyektlərinin sayı artıb. Və hər dəfə həmin obyektlərdəki dükan sahibləri kompensasiya istəyir, məlum olur ki, sığortaqlanmayıblar. Bir ara sığorta məsələsi gündəmə gəlir, ancaq tez də unudulur. Dövlət hər dəfə müəyyən kompensasiya verməyə məcbur olur, ancaq bu tip obyektləri sığortaya məcbur edə bilmir.
Bəs nə üçün gələcəkdə baş verə biləcək hər hansı bədbəxt hadisədən sonra böyük ölçüdə zərərə düşəcəklərini bilə-bilə icarəyəverənlərlə icarəyə götürənlər arasında hüquqi şəkildə icarə müqaviləsi bağlanmır və ya dükan sahibləri öz mallarını sığorta etdirmir?
Qaynarinfo mövzuyla bağlı ekspertlərin fikirlərini öyrənib.
“Daşınmaz əmlakın, ticarət obyektlərinin sığortalanması ilə bağlı müəyyən ciddi problemlər var. Çünki bu tip obyektlərin sahibi ilə işlədənlər fərqli şəxslər olduğu üçün sənədləşmə ilə bağlı problemlər yaşanır. Yəni, obyektlərin sahibi başqa insanlar olur və onlar da icarəyə verirlər”, – iqtisadçı ekspert Natiq Cəfərli ticarət obyektlərində sığorta işinin bərbad olmasının səbəblərindən danışarkən deyib.
Ekspertin fikrincə, ticarət obyektlərində sığorta olmamasının əsas səbəbi icarəyəverənlə icarəyə götürən arasında hüquqi şəkildə icarə müqaviləsinin olmamasıdır:
“Burada mülkiyyətlə bağlı problemlərin həll olunması vacibdir. Çünki icarə müqavilələri çox zaman bağlanmır, tərəflər arasında sadəcə şifahi razılaşma olur. Bu da həm vergidən yayınma,  həm də qanunvericilik şəklində icarəyəverənlə icarəyə götürən arasında münasibətlərin təmzimlənməsində problemlər yaşadır. Əgər müqavilə mədəniyyəti formalaşsa, icarəyəverənlə icarəyə götürən arasında müqavilə öhdəlikləri yazılsa, o zaman obyektlərin də sığortalanması məcburiyyəti qeyd oluna bilər. Fərq etməz, ya icarəyə götürənin, ya da icarəyə verənin qarşılıqlı razılığı əsasında ikisindən biri həmin obyekti sığortalanması ilə bağlı öhdəlik götürə bilər. Ona görə də ilkin olaraq müqavilə mədəniyyətinin formalaşması üçün həm ciddi nəzarət, həm də təşviqedici addımlar lazımdır. Çox zaman ona görə o müqavilələr imzalanmır ki, icarə müqaviləsinə görə 14 faizlik vergi müəyyənləşdirilib və bu vergi həddindən artıq yüksəkdir. Ona görə də çox zaman müqaviləsiz çalışmağa üstünlük verirlər. Ola bilər ki, bu vergi dərəcəsinin dəyişdirilməsi ilə bağlı təkliflər səsləndirilməlidir. Və bu təkliflər qəbul edilməli, ilkin mərhələdə bunu 1-2 dəfə azaltmaq lazımdır. Ki, ən azından icarəyəverənlə icarəyə götürən arasında məsələlərin hüquqi müstəvidə müqavilə şərtləri çərçivəsində həll olunmasına şərait, imkan yaransın. O zaman sığorta məsələsi də öz həllini tapa bilər”.
Məsələyə münasibət bildirən sığorta məsələləri üzrə mütəxəssis Nicat Əlibəyli isə Qaynarinfo-ya açıqlamasında vəziyyəti belə şərh edib:
“2012-ci ildən Azərbaycanda daşınmaz əmlaklarım sığortası icbaridir. Bu, eyni zamanda mənzil və obyektlərə də şamil olunur. Günümüzdə sığorta şirkətləri obyektlərin sığortalanmasından qaçmırlar. Lakin obyektlər şərtlərə cavab vermir. Əfsuslar olsun ki, son 2-3 ildə böyük hadisələr olub. Bunların çoxusunun heç mallarının qeydiyyatı yoxdur. Malların qeydiyyatı olmadıqda da konkret olaraq sığorta məbləği ortaya çıxmır. Sığorta şirkəti siyahı, bu əmlakın yerləşdiyi yerin təhlükəsizliyinin hansı formada olub-olmadığını tələb edir. Bilirsiniz ki, elementar santexnik işləri düzgün görülməyibsə, burada gözlə görüləcək qədər uyğunsuzluq varsa, sığorta şirkəti həmin daşınmaz əmlakın sığortalanmasında maraqlı deyil. Ən önəmlisi isə bazar dəyəriylə sığorta məbləği toqquşmur. Məsələn, gedib obyektə baxanda förürük ki, bu obyektin bir milyon dəyəri var, lakin sahibkar deyir ki, bunu 300 min manat dəyərində sığortalayın. Təbii ki, biz bunu həmin məbləğə natamam sığortalaya bilərik. Lakin ertəsi gün faciəvi hadisələr baş verəndə də məbləğ natamam qismində ödənilir və bu da növbəti problemlərə yol açır.
Əfsuslar olsun ki, daşınmaz əmlakın icbarı sığortasında da bu illər ərzində cərimə mexanizmi yoxuydu. Artıq mətbuatdan eşidirik ki, 2020-ci ildən belə bir mexanizm formalaşacaq, hər-hansı bir qurum bunu öz üzərinə götürəcək, daşınmaz əmlakını icbarı sığorta etdirməyənlər cərimələnəcək. Avtonəqliyyatda bu var, amma daşınmaz əmlakda yoxdur. Cərimə mexanizminin də olmaması vətəndaşlarda sığortadan yayınmaqda bir növ rahatlıq yaradır. Halbuki bu icbaridir, bu olunmalıdır. İcbarı olmasının sığorta şirkəti üçün önəmli səbəblərindən biri də odur ki, böyük ticarət mərkəzlərində çəkiylə, çemodanla mal alıb gətirirlər. Nə olur-olsun, istər geyim, istərsə də məişət avadanlıqları olsun. Bunların sayı, siyahısı yoxdur. Bir adam gedir satmaq üçün paltar alır, bəs bu paltarın yerləşdiyi məkanın təhlükəsizliyi hansı səviyyədədir? Məsələn, elementar olaraq baxırsan ki, yağış yağsa, damından su damacaq”.
Qeyd edək ki, bu gün paytaxtda yerləşən “EuroHome” tikinti materialları bazarında yanğın baş verib, nəticədə orada çalışanlar həm maddi, həm də mənəvi zərər çəkiblər. Burada çalışanların dediyinə görə, bazarın yarıdan çoxunun sığortası yoxdur.
 
Röya Kərimli

  DİGƏR XƏBƏRLƏR