“Gizli inflyasiya 10 faizin üzərindədir” – İqtisadçı ekspert

Azərbaycan Mərkəzi Bankının (AMB) açıqlamasına görə, dekabrın 1-nə inflyasiya ötən ilin müvafiq dövrünə nisbətən 2,6 faiz az olub, həmin tarixə olan illik hesablamada pul bazasının həcmi isə 18,8 faiz artıb. 

Belə ki, noyabrın sonuna Azərbaycanda pul kütləsi 10 mlrd. 674 mln. 500 min manat təşkil edib. İlin əvvəlindən pul kütləsinin artımı 1 mlrd. 128 mln. 800 min manat, yaxud 11,8 faiz, illik hesablamada isə artım 1 mlrd. 689 mln. 300 min manat, yaxud 18,8 faiz olub. Məlumat üçün qeyd edək ki, 2018-ci ildə pul bazasının artımı 12 faiz və ya 1002,5 milyon manat təşkil edib.

Mərkəzi Bankın məlumatlarını şərh edən iqtisadçı ekspert, Rutgers Universitetinin professoru Qubad İbadoğlu bildirib ki, rəqəmlərdən göründüyü kimi cari ildə pul bazası daha sürətlə artır. Ekspert qeyd edib ki, iqtisadi qanunauyğunluğa görə pul bazasının artımı ÜDM-in atımdan çox olanda monetar amillərin inflyasiya yaradıcı təsirləri güclənir: “Cari ilin 10 ayının yekunlarına görə, illik hesablamada pul bazasının artımı ÜDM-in artımını 9 dəfə çox olduğu halda inflyasiyanın ötən ilin eyni dövrü ilə müqayisədə demək olar ki, eyni səviyyədə qalması Dövlət Statistika Komitəsinin bu göstəricini saxtalaşdırmasından xəbər verir. Belə çıxır ki, pul kütləsi sürətlə artır, inflyasiya sabit qalır, bu isə düz mütənasiblik təşkil edən iki göstəricidən birinin düzgün hesablanmamasının nəticəsi ola bilər”.

Q.İbadoğlunun sözlərinə görə, bu, düzgün hesablanmayan və manipulyasiya olunan inflyasiya göstəricisidir: “Həmişə olduğu kimi rəsmi hesabatlarda yenə də inflyasiya aşağı göstərilir. Halbuki, müşahidələr göstərir ki, qiymətlər ötən illə müqayisədə daha sürətlə artır, xüsusilə də əhalinin istehlakında daha yüksək çəkiyə malik olan ərzaq məhsullarının qiyməti bahalaşır. Əslində pul bazasının artımını əmək haqları və sosial ödənişlər, eləcə də istehlak kreditləri şərtləndirdyindən onun inflyasiyaya təsiri daha çoxdur. Odur ki, heç şübhəsiz, Azərbaycan bu il üçün gizli inflyasiya 10 faizin üzərindədir.

Bütün bu göstəricilər Azərbaycan iqtisadiyyatının yaxşı durumda olmadığından xəbər verir. Gözləntilərə görə, gələn il iqtisadiyyat və əhali üçün ağır il olacaq”.

  DİGƏR XƏBƏRLƏR