“Like” hesabına “Facebook” deputatı olmaq istəyənlər

Kubra Məhərrəmova yazır…

1918-ci il mayın 27-də Zaqafqaziya müsəlman şurası özünü Azərbaycan Milli Şurası, daha dəqiq desək, Azərbaycan Parlamenti elan etdi. Məhəmməd Əmin Rəsulzadə Milli Şuranın sədri seçildi. Mayın 28-də isə İstiqlal bəyannaməsi qəbul olundu. Bu isə bütün Şərqdə ilk dəfə olaraq Azərbaycanda ən demokratik respublika idarə üsulu – parlamentli respublika demək idi.

1918-ci il dekabrın 7-də Hacı Zeynalabdin Tağıyevin Nikolayev küçəsində yerləşən keçmiş qızlar məktəbinin binasında (hazırda Füzuli adına Əlyazmalar İnstitutunun yerləşdiyi bina) Azərbaycan Parlamentinin açılışı olub. Eyni gündə Baş nazir Xoyski və kabineti istefaya gedir ki, yeni hakimiyyət yeni parlament tərəfindən qurulsun. Qeyd edək ki, Parlament Respublikanın sonuna qədər fəaliyyət göstərib.

101 il 

Parlament bu il, 101-ci ildönümündə buraxıldı. Qeyd etmək lazımdır ki, bu, bizim Parlamentin tarixində ilk hadisə deyil.

Birinci dəfə Milli Şura 1918-ci ilin iyun ayında Gəncəyə köçdükdən sonra, ikinci dəfə  Azərbaycan parlamenti işğal faktı ilə bağlı 1920-ci il aprelin 28-də özünü buraxıb.

Daha sonra 1991-ci ildə Azərbaycan Ali Sovetinin 300 nəfərdən çox deputatı səlahiyyətlərini icrasız qaldı. 1991-ci il noyabrın 26-da 50 nəfərdən ibarət Xalq Deputatlarının (25 nəfər iqtidar, 25 nəfər Demokratik Bloku təmsil edənlər) Milli Şurası yaradıldı.

Və indi, 2019-cu ilin payızında Azərbaycan hakimiyyət partiyasının nümayəndələri dövlət başçısına müraciət etdilər ki, onların fəaliyyəti müasir dövrün tələblərinə cavab vermir və yeni parlament seçilməlidir.

Son zamanlar Milli Məclis daha çox “məclisi” xatırladırdı.

Burada dahi Üzeyir bəyin sözü yadıma düşdü.

“Parlament” sözü fransızca “parla” sözündən götürülüb, “danışmaq” deməkdir. Bəzi ölkələrdə ona Duma deyirlər, bu da “dumat”, “fikirləşmək” sözündəndir. Bizdə Məclis deyirlər. Məclis də iki cürdür; toy məclisi, yas məclisi. Yas məclisində molla danışır, biz “Amin” deyirik, toy məclisində tamada danışır, biz əl çalırıq”.

Bəzi deputatların absurd çıxışları, verdikləri müsahibələrin məntiqsizliyi xalqda elə təsəvvür yaratmışdı ki, bunlar sanki millətin vəkili deyil, millətin düşmənidir. Bəzi deputatlardan isə nəinki müsahibə, onlarla heç telefonla əlaqə saxlamaq mümkün olmurdu.

Millətin bəzi Vəkilləri özləri üçün xüsusi imtiyaz yaratmış və özlərini əlçatmaz ulduz etmişdilər. Onlar öz vəzifələrinin əsas missiyasını unutmuş, ulduz xəstəliyinə düçar olmuşdular. Ümidvaram ki, parlamentin buraxılmasından sonra Allah onlara şəfa əta edər.

Yəqin ki, yeni qurulacaq məclis bizim ümidlərimizi doğruldacaq. Daha sessiyalarda yatan, telefonla oynayan vəkillər olmayacaq. İclaslara kefi istəyəndə gəlib ara-bir səsvermə düyməsinə xala-xətrin qalmasın kimi basıb gedənlər olmayacaq. Ancaq öz və qohumlarının marağına çalışıb, xalqın günündən bixəbər olmayanlar o kreslolarda oturmayacaq.

Hamı namizəddir, bəs kim səs verəcək? 

Son günlər cəmiyyətdə canlanma var. Hər iki nəfərdən üçü deputat olmaq üçün namizədliyini irəli sürür. Əlaçı. Təki olsun. Amma bəzən elə namizədlərin adını eşidirsən ki, olan-qalan danışıq qabiliyyətin də tutulur. Təzəlikcə eşitmişəm ki, o qədər də ağır əxlaqı olmayan qadın öz namizədliyini irəli sürür.

Əvvəl düşündüm ki, zarafatdır, sonra isə xanımın niyyətinin ciddi olması meydana çıxdı. Yəqin ki, ilk növbədə “yüngül əxlaqlı” qadınların hüquqlarını Milli Məclisdə müdafiə etməyi düşünür. Çünki çalışdığı sahə odur. Amma əvvəl həmkarları üçün “həmkarlar ittifaqı” yaratsa, daha faydalı olar.

Namizədlərin siyahısına baxanda düşünürsən ki, Allah eləməsin bunlar deputat seçilsə parlamentin binasının daşını belə söküb satarlar. Bu kimi insanların deputat olmaq eşqinin əsas səbəbi isə özünə və ətrafına rahat yaşayış təmin etməkdir.

Seçildiyi dairədən babat yer götürüb, iki-üç “obyekt” qurub çaq-çuq etməkdir. Qohum-qardaş məclisində də yuxarı başda oturub şəninə söylənilən tərifləri eşitmək, qaldırılan badələrin gözəlliyinə tamaşa etməkdir. Bu kimi insanlar heç də millətə, xalqa faydalı olmaq barəsində düşünmür. Neynək, olanımız budur. Gərək çıx-daş edək bunları.

Milli məclisə seçkilər “Facebook”da keçiriləcək?

Zarafat-zarafat, bir çox istifadəçi ciddi olaraq öz namizədliyini “Facebook” üzərində irəli sürür. Poster hazırlayan kim, şüar yazan kim. Dost-tanışdan yazdıqlarının paylaşılmasını xahiş edən kim. Düşünürləri ki, əgər yazdığı bir statusa 200-300 like gəlirsə, deməli, tanınır və rahatlıqla Millət Vəkili seçilə bilər.

Axırıncı hoqqanı da “Papitto” mahnısını oxuyan müğənni çıxardı. Sosial şəbəkədə Parlament binasının önündə foto çəkdirib, Milli Məclisdə deputat olması barədə paylaşım elədi. Yəni, o da bizi ələ saldı. Biz isə hələ ayılmırıq.

Bizim istəyimiz!

İlk növbədə əgər nəyisə tələb etmək istəyiriksə mütləq seçkilərə getməliyik. Səs verməliyik. Konstitusiyada da bu bənd var ki, vətəndaşın seçkilərdə iştirakı könüllüdür.

İkincisi, anlamalıyıq ki, deputat Millətin Vəkilidir, ağası deyil. Əgər bunu özümüz başa düşsək, qarşı tərəfə də başa sala bilərik. Yoxsa ki, “müəllim, orda oturma, burda otur”la heç nə dəyişməyəcək.

Üçüncü, parlament öz ilkin vəzifəsini yerinə yetirməli, dövlətçiliyin maraqlarına cavab verməli, xalqın sosial problemlərini həll etməlidir. Millət vəkilləri isə bəyaz, yumşaq kreslolarda oturmalı deyil, xalqın yanında olmalıdır. Vəssalam.

oxu.az

  DİGƏR XƏBƏRLƏR