Maltanın baş naziri istefa verdi

Maltanın baş naziri Cozef Muskat jurnalist Dafne Karuana Qalizianın qətli ilə əlaqədar davam edən istintaq fonunda baş verən siyasi böhran səbəbilə istefa vermək qərarına gəlib. Bu barədə “Times of Malta” xəbər verir.

Hökumət başçısı bildirib ki, Leyboristlər partiyası yeni lider seçdikdən sonra tutduğu postu tərk edəcək. Baş nazirin sözlərinə görə, partiya rəhbərliyində dəyişiklik prosesi gələn il yanvarın 12-də başlayacaq. Yanvarın ortalarına kimi Muskat öz öhdəliklərini yerinə yetirməyə davam edəcək.

Baş nazir qeyd edib ki, əvvəllər də dəfələrlə bir şəxsin iki müddətdən artıq hökumət başçısı postunda qalmaması gərəkdiyini bildirib. “Mən ideal deyiləm. Mənim də çatışmazlıqlarım var. Sizi əmin edirəm ki, mənə göstərdiyiniz etimad müqabilində hər şey etmişəm”, – deyə Maskat bildirib.

Milliyyətçi Partiyanın lideri Adrian Delia hökumət başçısının bəyanatını şərh edərək bildirib ki, Muskatın hakimiyyətdə olduğu hər gün ədalət məhkəməsinə növbəti zərbədir. O, əlavə edib ki, müxalifət daha hazırkı hökumətin legitimliyini qəbul etməyəcək və onun fəaliyyətini boykot edəcək.

“Cozef Muskat bu gün göstərdi ki, o, insanların qəzəbini və siyasi məsuliyyətin nə demək olduğunu başa düşməyib. O, başa düşmür ki, Dafna Karuana Qalizianın ölümü ölkədəki institutların iflası səbəbi ilə baş verib. Bu faciə ona görə baş verib ki, Muskatın siyasi məsuliyyət daşıdığı ən yaxın çevrəsi qanundan üstün olduğunu düşünüb”, – deyə Delia bildirib.

Nəşr qeyd edir ki, Valettedə minlərlə etirazçı jurnalistin işi ilə əlaqədar ədalətin təmin edilməsini tələb etdikdən bir neçə saat sonra Muskat istefa bəyanatı ilə çıxış edib. Baş nazir qərarı barədə ölkə prezidenti Corc Vellunu məlumatlandırıb.

Noyabrın 30-u “Malta Independent” məlumat verib ki, Valette məhkəməsi biznesmen Yorgen Feneki jurnalistin qətlində iştirak etməkdə günahlandırıb. Məhkəmə iş adamının hesablarının dondurulmasına və onun həbs edilməsinə qərar verib. Fenek hazırda Paolo şəhərində Korradino həbsxanasında saxlanılır. Sahibkar qətldə iştirakı və işlə əlaqədar başqa epizodlarla, o cümlədən jurnalistə məxsus avtomobilin partladılması məqsədilə cinayətkar qruplaşmada iştirak etməsi və gizli anlaşma ilə bağlı ittihamları təkzib edib.

Dafna Karuana Qalisia 16 oktyabr 2017-ci ildə şəxsi avtomobilinə qoyulan bombanın partlaması nəticəsində həlak olub. “Times of Malta” nəşrinin məlumatına əsasən, jurnalist ölümündən 15 gün öncə aldığı təhdidlərlə əlaqədar polisə müraciət edib. “The Guardian” qəzetinin məlumatına əsasən, jurnalistin son araşdırma işi Muskat və yaxın çevrəsi ilə əlaqəli ofşor şirkətlərə aid olub.

  DİGƏR XƏBƏRLƏR