“Qarabağ” bu gün “Düdelanj”ı qəbul edəcək – AFİŞA

Bu gün Azərbaycan çempionu “Qarabağ” UEFA Avropa Liqasının 2019/2020 mövsümünün qrup mərhələsində sonuncu oyununu keçirəcək.

“Report” xəbər verir ki, Ağdam təmsilçisi VI tur çərçivəsində Lüksemburqun “Düdelanj” komandasını qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matç saat 21:55-də start götürəcək.

E qrupunda İspaniyanın “Sevilya” kollektivi 15 xalla 1-ci, Kipr APOEL-i isə 7 xalla 2-ci yeri təmin edərək pley-offa çıxdıqları üçün Bakıdakı qarşılaşma formal xarakter daşıyır. Bununla belə, nəticə reytinq xalı və qrup sonuncusu olmamaq baxımından önəm daşıyır. Hazırda 4 xalla 3-cü sırada yer alan “Qarabağ” rəqibini 1 xal qabaqlayır.

Bu komandalar arasında oktyabrın 3-də baş tutan görüşdə ağdamlılar 4:1 hesabı ilə qalib gəliblər. “Qarabağ”ın qollarını Abdullah Zubir, Miçel, Riçard Almeyda və Dani Kintana vurub.

Qeyd edək ki, Lüksemburqdakı oyunun 30-cu dəqiqəsində ikinci qolundan sonra “Jozi Bartel” stadionunun üzərinə dron vasitəsilə qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağı gətirilib. Bundan sonra şotlandiyalı referi Con Biton Ağdam komandasının futbolçularının tələbi ilə matçı saxlayıb. Ardınca Lüksemburqun idman naziri Dan Kerş Azərbaycan çempionunun soyunub-geyinmə otağına gələrək üzr istəyib. Nazir ölkəsinin Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi saydığını, təxribatçıların tapılaraq cəzalandırılacağını deyib. D.Kerş üzrxahlığını stadionun diktor otağında da elan etdikdən sonra oyun davam etdirilib.

UEFA Avropa Liqası

Qrup mərhələsi, VI tur

21:55. “Qarabağ” (Azərbaycan) – “Düdelanj” (Lüksemburq)

Baş hakim: Kristo Tohver

Yan xətt hakimləri: Silver Koiv və Sten Klaasen

Dördüncü hakim: Juri Frişer (Estoniya)

Hakim-inspektor: Nikolay İvanov (Rusiya)

UEFA nümayəndəsi: Sergey Lisnik

Bakı, Tofiq Bəhramov adına Respublika stadionu

  DİGƏR XƏBƏRLƏR