Tramp şəxsi cib telefonundan imtina etməsindən danışdı

ABŞ prezidenti Donald Tramp kəşfiyyat orqanlarının xəbərdarlıqlarına baxmayaraq, şəxsi mobil telefonundan istifadə etməyə davam etdiyi barədə mediada yayılan xəbərləri təkzib edib. 
Qaynarinfo xəbər verir ki, bu barədə Ağ Evin rəhbəri Twitter səhifəsində yazıb.
Onun sözlərinə görə, CNN-in iddiaları yalandır. Tramp fərdi mobil telefonunun olmadığını və illərdir yalnız hökumət telefonlarından istifadə etdiyini qeyd edib.
Xatırladaq ki, bənzər şayiələr mediada dəfələrlə yayılıb. 2018-ci ilin oktyabr ayında Tramp “The New York Times” qəzetində onun dostları ilə danışmaq üçün istifadə etdiyi mobil qurğular barədə dərc olunmuş yazıya münasibət bildirib. ABŞ lideri cəmi bir cib telefonunun olduğunu deyib.
Nəşr mənbələrə istinadən, Trampın tez-tez xüsusi xidmət orqanlarının tövsiyələrini qulaqardına vurduğunu və dostları ilə ünsiyyət zamanı dinlənilmədən qorunmayan bir iPhone-dan istifadə etdiyini qeyd edib. Mənbənin bildirdiyinə görə, onun şəxsi smartfon zəngləri Çin və Rusiya kəşfiyyatı tərəfindən dinlənilir.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə qəzetin yaydığı bu xəbərə Kremldə zarafat kimi yanaşıldığını, həmçinin qəzetin “jurnalist məsuliyyətinin azaldığını göstərən” məlumat yaymasından təəssüfləndiyini qeyd edib.

  DİGƏR XƏBƏRLƏR