İqtisadçı: “Biznes ürkək ceyran kimidir, təhlükə görən kimi qaçır”

Prezident yanında dünən keçirilən müşavirədən sonra ölkə iqtisadiyyatına dair müxtəlif mülahizələr səslənməkdədir. İqtidaryönümlü iqtisadçılar uğurla irəliləyən iqtisadi artımdan danışsalar da müxalif fikirli iqtisadçılar eyni fikirləri paylaşmırlar.

İqtisadçı Natiq Cəfərli dövlət başçısının istehlak kreditlərinin artmasının təhlükəli tendensiya olması fikri ilə razılaşıb və bunu yaradan səbəblər barədə danışıb.

Natiq Cəfərov Natiq Cəfərov

“Azı 15 ildir deyirik ki, biznes ürkək ceyran kimidir, təhlükə görən kimi qaçır, istehlak kreditləri ona görə artır ki, biznes gələcəyə inanmır, “bu gün mal gətir, sabah sat-qazan” prinsipi ilə yaşayır. İstehlak krediti ona görə artır ki, ölkəyə böyük həcmdə mal gətirən biznesmen həm də məmurdu – onlar da həm gələcəyinə inanmır, həm də öz malını daha tez satmağı, qazanmağı düşünür”,- deyən iqtisadçı ölkəmizdə biznes mühiti üçün əlverişsiz şərait olduğunu iddia edib.

“Biznes kreditlərinin artmaması tək faizlərin çox yüksək olmasına görə deyil – əlbəttə ki, bu problemdir, ölkədə biznes kreditləri 20% civarındadırsa iş adamı nə qədər qazanmalıdır ki, həm faiz ödəsin, həm vergi versin, həm də özü qazansın?! Xatırladım ki, kommersiya, biznes, əsas da istehsal layihələrə çox zaman 2-3 il ümumiyyətlə gəlir gətirmir – iş adamı isfrastruktur qurmalıdı, buna zaman lazımdı, amma faiz sayğacı işləyir, qazanmadığı aylarda da faiz ödəyir, kim belə işə girər?!

Amma dediyim kimi, əsas problem bu deyil – ölkədə ədalətli məhkəmə yoxdur, mülkiyyət toxulmazlığı problemi var, belə şəraitdə iş adamı risk almır, sabaha güvənmir. Sabah kredit faizləri lap düşsün, olsun 3-5%, belə güvənsizlik şəraitində iş adamı götürdüyü manatla krediti həmən dollara çevirəcək ki, hökumətin sürprizlərindən özünü sığortalasın, sonra vəsaitin yatırımına başlayacaq. Yəni, belə sistemdə aşağı faizlə alınan biznes kreditlərinin böyük əksəriyyəti həmən dollara çevriləcək, bu da məzənnə basqısı yaradacaq, manat ucuzlaşmağa başlayacaq. Amma biznes kreditləri artmasa da iqtisadiyyat inkişaf etməyəcək, manat sonda yenə çökəcək – ölkəni bax beləcə “dalana” dirəyiblər”.

  DİGƏR XƏBƏRLƏR