Rafael Ağayev: “Əməliyyat olunduğumu anamdan da gizlətmişdim”

Karate üzrə beşqat dünya və onbirqat Avropa çempionumuz Rafael Ağayevin müsahibəsini təqdim edirik:

– Dünən Fransanın paytaxtı Parisdə keçirilən yarışda iki döyüş keçirib, mübarizəni dayandırdınız. Döyüşləriniz barədə fikirlərinizi bilmək istərdim.

– Paris Premyer Liqa yarışında güclülər səbətində yer aldığımdan, ilk döyüşü buraxdım. Ona görə də qazandığım iki qələbə və həmin buraxdığım döyüş mənə üç qələbənin Olimpiya lisenziya xalını verir. 1/4 finalda həmişə qarşılaşdığım Ken Nisimura ilə yox, başqa yapon karateçiyə 2:3 hesabı ilə uduzdum. Pərdəarxası bir çox insanların bilmədiyi şeylər var. Özüm də bilirdim ki, bu yarışa tam formamda gəlməmişəm.

– Çilili idmançı ilə görüşündə sağ dizindən zədə aldınız. Yalnız həkimlərin müdaxiləsindən sonra döyüşü davam etdirdiniz. Bəlkə həmin qoruyub saxladığınız sirri açıqlayasınız…

– Bu barədə ilk dəfə mediaya bildirirəm. 2019-cu ilin dekabrın 30-da İstanbulda əməliyyat olundum. Özüm bunu çox adamdan gizlədirdim. Çünki istəmirdim ki, bu haqda məlumat yayılsın və rəqiblərim bundan xəbər tutsun. Bu, dizimdən artıq üçüncü əməliyyatımdır. Bu yarışa kimi cəmi 4-5 məşq keçə bilmişdim. İnanın ki, əməliyyat olduğumu doğma anam da bilmir. Ondan da bunu gizlətmişdim. Yəqin ki, bu müsahibədən sonra o da biləcək.

– Bəs Türkiyəyə hansı səbəblə getdiyinizi demişdiniz?

– Demişdim ki, dostumu görməyə gedirəm və orda ayağıma iynə vurdurub qayıdacağam. Bilirsiniz ki, hər bir ana kövrək olur. İstəmirdim ki, bunu bilib özünə dərd etsin.

– Bu zədə nə vaxtdan mövcud idi?

– 2014-cü ildə Almaniyanın Bremen şəhərində keçirilən dünya çempionatında İran komandası ilə qarşılaşırdıq. Komanda halında qarşılaşanda səndən yuxarı çəkili idmançı ilə mübarizə aparmalı olursan. Mən də iranlı dünya çempionu, 84 kq-dan yuxarı çəkidə döyüşən Səccad Gənczadə ilə düşdüm. Onda fənd edərkən o ayağımın üstünə düşdü və dizimdə qığırdaq qırıldı. Həmin vaxt 11 ay idmandan uzaq qaldım. O vaxtdan ayağım bloka düşürdü. Sümüyümün birini yonublar, yandırıblar və qığırdaqları təmizləyiblər. Gələcəkdə karyeramı davam etdirməli olsam, dizimə plasmas bir şey qoyulmalıdır.

Rafael Ağayev Karete

– Bəs formada olmadığınız halda yarışa qatılmağınız nə dərəcədə düzgün idi?

– Türkiyə və Azərbaycandakı həkimlərim razılıq vermişdi. Ola bilər ki, Parisdə medal qazana bilmədim. Amma üç görüşə görə Olimpiya lisenziya xallarını qazandım. Mən də əsas buna görə yarışda iştirak etmək və rəqiblərimdən geri düşməmək istəyirdim. Hazırda 75 kq çəki dərəcəsində dünya reytinqində birinci yerdə olsam da, OLimpiya reytinqində dördüncü yerdəyəm. Üçüncü yerdəki Ken Nisimura meydan sahibi olduğundan, o, avtomatik olaraq Tokioya vəsiqə qazanır və beləcə mən ilk “üçlük”də qərarlaşmış oluram. Bu yarışın da xalları daha sonra reytinqdə əks olunacaq. Xoşbətlikdən, reytinqdə məndən arxada olan idmançılar da əvvəlki turlarda uduzdu. Üstəlik, hələ üç lisenziya xalı verən yarışda iştirak etməklə reytinqdəki ilk “dördlük”dəki (karatedə hər Olimpiya çəki dərəcəsi üzrə reytinq üzrə ilk dörd idmançı Tokioya vəsiqə qazanır – S.M.) yerimi qorumağa çalışacağam. Martda Bakıdakı Avropa çempionatında son nöqtəni qoyub Olimpiadaya vəsiqə qazanmaq və bundan sonra bir qədər istirahət etmək istəyirəm.

– İkinci döyüşünüzdə dizindən aldığınız zədə nə dərəcədə ciddidir? Müayinə alacaqsınız?

– Yəqin ki yox. Çünki dəhşətli dərəcədə əzilməmişəm. Sadəcə, çilili idmançı çox basqı edirdi və mən də formada olmadığım üçün bir az pauza götürmək istədim… Bir gün dincəldikdən sonra yenidən məşqlərə başlayacağam. 14-16 fevralda keçiriləcək Dubay Premyer Liqasına hazırlaşacağam. Yeri gəlmişkən, sosial şəbəkələrdə yaşım çoxalıb deyənlərə demək istəyirəm ki, mən bu idmana hobbi kimi yanaşmıram. Karate mənim həyatımdır. Bəlkə də karate Olimpiadaya daha erkən salınsaydı, Olimpiya çempionu olmuşdum. Düzdür, iki ay sonra 35 yaşım var. Çoxlu gənc karateçilər ortaya çıxır. Məsələn, ilk görüşdüyüm belaruslu idmançının mən “Youtube”da videosunu tapa bilmədim ki, onun döyüş üslubuna baxım. Onlar bizim üslubumuzu əzbər bilir. 15 ildir ki, italiyalı Luici Buza ilə 14 dəfə qarşılaşmışam və artıq onun necə döyüşdüyünə bələdəm. “Qocalmışam” deyənlərə sözüm odur ki, Rafael Parisdən ikinci il 75 kq-da ən yaxşı idmançıya verilən mükafatla qayıdacaq.

– Olimpiadadan sonra məqsəd nə olacaq?

– Karyeramı bitirib-bitirməməyim orda qazandığım medalın rəngindən asılı olacaq. Dövlət dəstək olsa, karyeramı bitirdikdən sonra öz məktəbimi açmaq və bütün dünyaya tanıtdırmaq istəyirəm. İnşallah, o gün olsun ki, insanlar mənimlə necə fəxr edirsə, mən də öz tələbələrimlə fəxr edim.

– Olimpiadadan sonra peşəkar karate adlanan “Kombat Karate”də çıxış edəcəyiniz nə dərəcədə gözlənilir?

– Qabaqcadan söz vermək istəmirəm. Çünki noyabrda Dubayda dünya çempionatı və 2021-ci ildə Türkiyədə V İslam Həmrəylik Oyunları var. Ola bilər ki, orda da iştirak edim. “Kombat Karate”dən indi də mənə təklif var. Amma düşünməliyəm. Yəqin ki, yaxşı təkliflər olsa, orda iştirak edə bilərəm. (oxu.az)

  DİGƏR XƏBƏRLƏR