Rusiyanın yeni baş naziri Mişustin kimdir?

O, biznesmenlərə qarşı sərt davranışlarda və çoxlu sayda vergi yoxlamaları aparmaqda ittiham edilib

Xəbər verildiyi kimi, Rusiya prezidenti Vladimir Putin ölkənin Baş Naziri postuna Federal Vergi Xidmətinin rəhbəri Mixail Mişustinin namizədliyini irəli sürüb.

Putin srağagün  Mişustinlə işgüzar görüş keçirib və ona hökumət rəhbəri vəzifəsini tutmağı təklif edib.

“Mişustinin razılığı alındıqdan sonra Vladimir Putin onun Baş Nazir vəzifəsinə namizədliyini Dövlət Dumasına təqdim edib”, – deyə mətbuat xidmətinin məlumatında deyilirdi.

Dövlət Duması Mişustinin namizədliyi məsələsinə yanvarın 16-da baxaraq müsbət rəy verəcəyi gözlənilirdi.

Mixail Mişustin 1966-cı ildə Moskvada anadan olub. 1989-cu ildə Stankin Moskva Dövlət Texnologiya Universitetini avtomatlaşdırılmış layihələndirmə sistemləri ixtisası üzrə bitirib. Mişustin 1992-ci ildə bu universitetin aspiranturasında təhsilinə yekun vurub.

Mişustin ile ilgili görsel sonucu

Aspiranturanı bitirdikdən sonra Beynəlxalq Kompüter Klubunun rəhbəri kimi çalışıb. Klub Rusiyada Qərbin yüksək texnologiya şirkətlərinin sərgilərini təşkil edib. Mişustin bunun sayəsində Rusiya bazarlarına “İntel”, “Hewlett-Packard”, IBM, “Motorola”, “Apple” kimi şirkətlərin girişini təmin edə bilib. Burada maraqlı olan başqa məqam ondan ibarətdir ki, klub rəhbəri Mişustin təkcə xarici şirkətlərin ölkəyə və ya onların Rusiya kompüter sənayesi ilə tanışlığını təmin etməyib, həm də Qərb biznesmenləri ilə Rusiyanın yüksək vəzifəli şəxsləri arasında görüşlərin vasitəçisi olub. Bir sözlə, klub Rusiya məmurlarının qapısını biznesmenlərin üzünə açıb.(axar.az)

1998-ci ildə isə o, dövlət xidmətinə başlayıb. Rusiya Dövlət Vergi Xidmətinin rəhbərinin vergi daxilolmalarına nəzarət və informasiya sistemləri üzrə köməkçisi vəzifəsinə gətirilib. Daha sonra isə vəzifəsi artırılaraq, nazir müavini səviyyəsinə yüksəldilib. Bu müddət ərzində o, Rusiya Xüsusi İqtisadi Zonaların İdarəsi üzrə Federal Agentliyin də rəhbəri olub.

Mişustin ile ilgili görsel sonucu

2008-ci ildə dövlət vəzifəsindən imtina edən Mişustin yenidən biznesə qayıdıb. Bu dəfə o, investisiyalar sahəsini seçib. Cəmi bir il sonra Rusiya Prezidentinin kadr ehtiyatları siyahısına daxil edilib. Bunun da nəticəsi olaraq 2010-cu ilin aprelində Federal Vergi Xidmətinin rəhbəri təyin edilib. Buradakı fəaliyyəti dönəmində Mişustin daha çox rəhbəri olduğu qurumun müasir standartlara uyğun hala gətirilməsi, eləcə də yüksək texnologiyalarla təchizi ilə məşğul olub.

Ona qarşı tənqidlər də yetərli qədər olub. Belə ki, o, biznesmenlərə qarşı sərt davranışlarda və çoxlu sayda vergi yoxlamaları aparmaqda ittiham edilib. Bu iddiaların hər biri Federal Vergi Xidməti tərəfindən təkzib edilib.

Mişustin adını Rusiya tarixinə həmçinin böyük yüksək texnologiya şirkətlərini vergi ödəməyə məcbur edən şəxs kimi yazdırıb. Belə ki, o, hətta Rusiya nümayəndəliyi olan giqant şirkətlərin vergi ödəməsini tələb edib. Doğrudur, şirkətlər buna qarşı çıxsalar da, vergini ödəməyə məcbur olublar.

Mişustin ile ilgili görsel sonucu

Rusiyanın hakim dairələrində Mişustin daha çox sərt rəhbər kimi tanınır. Bununla bərabər onun yaxşı nitqinin olduğu və fokuslandığı auditoriyanı rahatlıqla ələ ala bildiyi də onu tanıyan şəxslər tərəfindən xüsusi olaraq vurğulanır. Mişustin həmçinin fokuslandığı məsələlərin sürətli həllini tələb edən şəxs kimi də tanınır.

Şəxsi həyatına gəlincə isə Medvedyevin varisi evlidir və üç oğlu var. Onun həyat yoldaşı bir müddət Mişustinin rəhbər işlədiyi Beynəlxalq Kompüter Klubunun həmtəsisçisidir. Rəsmi məlumatlara, Putinin baş nazirliyə namizədi ildə 30 milyon rubl, həyat yoldaşı isə 160 milyon rubla qədər gəlir əldə edir. Ailənin 140 kvadrat metrlik mənzili, 800 kvadrat metrlik həyət evi olduğu onların gəlir bəyannaməsində göstərilib.

İdmanla maraqlanan Mişustin Putin kimi xokkey həvəskarıdır. O özü də aktiv şəkildə bu idmanla məşğul olur.

Mişustin həmçinin MOİK (ÇSKA) Xokkey Klubunun Müşahidə Şurasının üzvüdür.

  DİGƏR XƏBƏRLƏR