Seçkidə rəqib olanlar məhkəmədə üz-üzə gəldi – şərəfsiz sözünə görə üzr tələbi

Bələdiyyə seçkilərində rəqib olan şəxslər indi də məhkəmədə üz-üzə gəliblər.

Musavat.com xəbər verir ki, Binəqədi bələdiyyəsinə üzvü seçilən Mətanət Nəsibova seçkidə rəqibi olan Rəbiyyə Məmmədovanı məhkəməyə verib.

Binəqədi rayon Məhkəməsinə müraciət edən Mətanət Nəsibova iddia edir ki, rəqibi seçki ərəfəsində onu təhqir edib. Buna görə də Nəsibova keçmiş rəqibi Məmmədovadan 1000 manat pul və üzr istənilməsini tələb edir.

Nəsibova iddiasında yazıb ki, Məmmədova sosial şəbəkələrdə yaydığı videogörüntülərlə onun şərəf və ləyaqətini təhqir edib.

Belə ki, Biləcəri qəsəbəsində Məmmədova tərəfindən çəkilmiş həmin kadrlardan görünür ki, M.Nəsibova və daha bir neçə qadın avtomobilə əyləşərək getmək istəyir. R.Məmmədova onlara yaxınlaşaraq pəncərəni döyür və soruşur ki, niyə məntəqələri gəzib bir neçə yerdə səs verirlər?

R.Məmmədova həmin çəkilişdə deyir: “Şərəfsizlər, məntəqələri gəzib, bir neçə yerdə səs verirlər”.

Hakim Nigar Nəbizadənin sədrliyi ilə keçirilən məhkəmə iclasında iddiaçı Nəsibovanın özü yox nümayəndəsi iştirak edib.

Rəbiyyə Məmmədova məhkəmədə deyib ki, “şərəfsiz” ifadəsi şəxsən Mətanət Nəsibovaya ünvanlanmayıb.

“Seçkidə saxtakarlıq etmək həqiqətən şərəfini itirməkdir. Çünki insanların səsi oğurlanır. Əgər o xanım saxtakarlıq etdiyini düşünmürsə, o sözü niyə özünə götürür?”- deyə R.Məmmədova bildirib.

Məhkəmə araşdırması yanvarın 30-da davam etdiriləcək.

  DİGƏR XƏBƏRLƏR