Uşaqlara nə qədər xərclik verilməlidir? – Psixoloq məsləhəti

Müasir dövrdə pul təkcə ehtiyaclarımızı ödəmək, yaxud da daha rahat və yaxşı yaşamaq üçün lazım olmur. Ağlayan uşağı susdurmağın ən asan yolu kimi də ona pul təklif edilir. Uşaq da pulun dəyərini bilmədən ondan asılı olur.
Bəs uşaqlar pulla neçə yaşdan tanış olmalıdır? Xüsusilə məktəbli uşaqlara hansı yaşda, nə qədər xərclik verilməlidir? Onlara qədərindən artıq pul verilməsi nəyə səbəb olur?
Mövzu ilə bağlı Modern.az-a danışan psixoloq Nuriyyə Quliyeva deyir ki, uşaqlara pul ehtiyacları yarandığı zamandan başlayaraq verilməlidir:
“Ümumiyyətlə, cəmiyyətimizdə uşağa pul verilməsi ilə bağlı qəti bir fikir var ki, uşaq pulla tanış olmamalıdır, yalnız ehtiyac olduğu halda pul verilə bilər. Amma xarici ölkələrdə bunun tam əksi iddia olunur. Bununla bağlı hətta tədqiqatlar aparılır, kitablar yazılır. Tədqiqatlarda və kitablarda əsas fikir odur ki, pulla vaxtında tanış olan uşaqlar gələcəkdə öz pullarını daha yaxşı idarə edə bilən, qənaətcil insanlar olurlar.
Uşaqlara 6 yaşdan etibarən pul verilməsinin tərəfarıyam. Çünki bu yaşa kimi uşaqlar daim valideynlərin yanında olur və onların çox da pula ehtiyacları olmur. Amma 6 yaşdan etibarən, yəni məktəbə başlayan zaman gündəlik xərclər üçün pul verilə bilər. Tərəfdarıyam ki, uşaqların öz büdcəsi olsun. Çünki onlar həddən artıq xərcləməyə meyilli ola bilərlər və valideynlər bu sərhədi təyin etmək üçün uşağa qədərində pul verməyi və yığmağı öyrətməlidirlər. Məsələn, mən adətən tövsiyə edirəm ki, 2 və ya 3 pulqabı ayrılsın. Birinə gündəlik xərcləri üçün pul ata bilərlər, ikinciyə öz hədəfləri üçün. Tutaq ki, uşaq çox gözəl bir kitab, çanta və ya oyuncaq istəyir. Həmin pulqabı o hədəf üçün ayrıla bilər. Uşağın arzusu, hədəfi üçün yığdığı pulu lazım olan məbləğ toplanan zaman istifadə edə biləcəyini vurğulamaq lazımdır. Ücüncünün isə uşaqlara xeyirxahlıq, mərhəmət kimi xüsusiyyətləri aşılamaq məqsədilə yardımlar üçün ayrılması tövsiyə olunur. Yığılan məbləğ hər dəfə fərqli ünvana, məsələn, uşaq evinə, rayonda yaşayan uşaqlara, bir sözlə yardıma ehtiyacı olanlara göndərilə bilər. Bu onların xarakterinin müsbət yöndə formalaşmasına da kömək edir”.
Psixoloq məktəblilərə verilən xərcliyin miqdarının isə ailənin maddi durumundan asılı olduğunu bildirir:
“Məktəbli uşaqlara verilməli olan pulun qədəri ailənin iqtisadi vəziyyətindən asılıdır. Amma mən onu nəzərdə tutmuram ki, əgər ailənin iqtisadi vəziyyəti yaxşıdırsa, uşağa çox miqdarda pul verməlidir. Pul uşağın ehtiyaclarına uyğun verilməlidir. Yəni uşaq avtobusdan istifadə edirsə, bunu nəzərə almaq lazımdır. Yaxud da məktəbdə neçə saat vaxt keçirir, neçə dəfə qidalanır, nələr alır, bunlar nəzərə alınmalıdır. Xüsusilə ibtidai siniflərdə ehtiyacları olduğu qədər xərclik verilməsinin tərəfdarıyam. Amma yeniyetməlik yaşında məbləğ bir az artırıla bilər. Çünki bu zaman ehtiyaclar da artmış olur. Təbii ki, yenə də limiti keçməmək şərti ilə. Çünki bu yaş mərhələsində çox pul verilsə, onlar dərsdən yayına bilər və ya dərs zamanı internet klub kimi əlavə yerlərə gedə bilərlər”.
Onun sözlərinə görə, uşaqlara qədərindən çox xərclik verilməsi pulu onların gözündə dəyərsizləşdirir:
“Uşaqlara həddən artıq pul verilməsi dəyərsizləşməyə gətirib çıxarır. Bu zaman uşaq həm pulunu planlı xərcləyə bilmir, həm də qənaətcil olmur. Ən əsası isə verilən pulun dəyəri itir. Fikirləşir ki, pulu filan şeyə xərcləyəcəm, amma heç nə olmaz, axşam gedib, atamdan istəyəcəm, həmişə bir manat verirdisə, bu dəfə üç manat lazımdır deyəcəm, üç manat verəcək. Ona görə də valideynlər gərək bildirsinlər ki, həftə boyu sənə filan qədər pul veriləcək və bu məbləğdən artığı verilməyəcək. Uşaq bu qayda-qanunu görəndən sonra pulu daha planlı xərcləməyi öyrənəcək”.

  DİGƏR XƏBƏRLƏR