Azərbaycan Premyer Liqasında mövsümün ən böyük hesablı qələbəsi qeydə alındı

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVII tura start verilib.

“Report”un məlumatına görə, turun açılış matçında “Zirə” “Qarabağ”ı qəbul edib.

Qarşılaşma Ağdam təmsilçisinin 6:0 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdə hesab 4-cü dəqiqədə açılıb. Bədavi Hüseynov fərqlənib. 11-ci dəqiqədə Xayme Romero, 3 dəqiqə sonra isə Mahir Emreli fərqi artırıb. 28-ci dəqiqədə Ailton Silva meydan sahiblərini yenidən məyus edib. 61-ci dəqiqədə Abdullah Zubir görüşdə beşinci qolun müəllifi olub. 85-ci dəqiqədə Maqaye Qeye darmadağında pay sahibi olub.

Bu nəticədən sonra xallarının sayını 38-ə yüksəldən “Qarabağ” liderliyini möhkəmləndirib. 20 xalı olan “Zirə” 5-ci yerdədir.

Beləliklə, Azərbaycan Premyer Liqasında 2019-2020 mövsümünün ən böyük hesablı qələbəsi qeydə alınıb. Daha öncə 3-cü turda “Qarabağ” səfərdə “Səbail”i, “Keşlə” isə “Qəbələ”ni 4 cavabsız qolla üstələyib.

Qeyd edək ki, günün digər matçında “Sumqayıt” “Sabah”ı qəbul edəcək. Tura sabah keçiriləcək “Səbail” – “Qəbələ” və “Neftçi” – “Keşlə” oyunları ilə yekun vurulacaq.

  DİGƏR XƏBƏRLƏR