Batumidə 10 ildir “görüşüb ayrılan” “Əli və Nino” – REPORTAJ

“Əli və Nino” abidəsi Gürcüstanın Qara dəniz sahilindəki paytaxtı Batumi şəhərinin ən əsas simvollarından biridir. Batumi bulvarında yerləşən monument Qurban Səidin eyni adlı əsərinin qəhrəmanları – azərbaycanlı gənc Əli və onun sevdiyi gürcü qız Ninonu təcəssüm etdirir.

Turistlərin ən çox üz tutduğu Acarıstan paytaxtının ən yaddaqalan və parlaq simvoluna çevrilən “Əli və Nino” abidəsi sevgi təcəssümü olmaqla yanaşı, Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin dediyi kimi, həmçinin Gürcüstan və Azərbaycan xalqları arasında dostluq simvoludur.

“Report”un Gürcüstan bürosu sevgi və dostluq rəmzinin qısa tarixçəsi və təkrarolunmaz heykəltəraşlıq nümunəsi ilə bağlı maraqlı məqamları təqdim edir.

Abidənin yaranma tarixi və ilkin adı

2010-cu ilin oktyabrın 14-də açılan abidənin müəllifi tanınmış gürcü heykəltəraş Tamara Kvesitadzedir. O, monument üzərində iki ilə yaxın işləyib. 2007-ci ildə hazır olan memarlıq əsəri Venesiya və Londonda nümayiş etdirilib. Abidənin hərəkətli olması hamını təəccüb və heyran edib. Müəllifin sözlərinə görə, o, “Əli və Nino” romanını oxuyandan sonra abidəni yaratmağa ilhamlanıb. Abidənin ilkin adı “Kişi və qadın” olub, lakin ucaldılmasından sonra bu ad “Əli və Nino” ilə əvəzlənib.

Müəllif əsərinin ideyasını belə izah edir: “İnsanlar abidəni sevgi ilə assosiasiya edir və bu, seyrçilərdə müsbət emosiyalar yaradır. Hər kəs bu abidəni bir cür izah edə bilər. Mənim əsərim bunu ifadə edir: birlikdə olmaq yalnız bir müddət mümkündür. Bu qısa müddət kimin üçünsə bir əsr ola bilər”.

Sevgi rəqsi

Poladdan olan səkkiz metrlik abidənin özəlliyi ondan ibarətdir ki, hər axşam Əli və Ninonun fiqurları hər 10 dəqiqədən bir vəziyyətlərini dəyişərək bir tam olana qədər yavaş-yavaş bir-biri ilə üz-üzə gəlirlər. Bundan sonra əks proses başlayır və sonradan “görüş və ayrılıq” təkrarlanır. Abidənin saat 19:00-dan başlayaraq effektiv işıqlandırılması da ona xüsusi gözəllik verir.

Abidənin yaxınlığında yerləşdirilən lövhədə gürcü, ingilis, rus və türk dillərində bu məlumat yer alıb: “Eşqin hərəkət edən heykəli “Əli və Nino” 2010-cu ildə quraşdırılıb. Müəlliflər: Tamara Kvesitadze və Paata Sanaya. Fiqurlar bir-birinə doğru yavaşca hərəkət edərək toxunmayaraq birləşirlər. Poladdan hazırlanan konstruksiyanın hündürlüyü 8 metrdir. Kompozisiya Qurban Səidin gürcü knyaz qızı Nino və azərbaycanlı aristokrat Əlinin sevgisini əks etdirir”.

Abidənin böyük rezonansa səbəb olan köçürülməsi

2015-ci ilin avqustunda sevgi abidəsinin demontaj olunaraq yerinin dəyişdirilməsinə qərar verilir. Batumi meriyası qərarını dəniz suyunun abidənin özülünə ziyan vurması ilə əlaqələndirir. Abidənin uçulub dağılması təhlükəsi olduğundan demontaj prosesi həyata keçirilir və o, dəniz sahilindən 50-60 metr aralı yerə köçürülür. Abidənin zədələnməsi Gürcüstan ictimaiyyətində böyük hiddət doğurur. Hətta Mixeil Saakaşvili abidənin sökülərək başqa yerə köçürülməsini sərt tənqid edir.

Demontaj zamanı fiqurlardan birinin trosu qırılır və abidə zədələnir. Zədələr kiçik olduğundan abidə qısa bir zamanda bərpa olunur. Heykəlin müəllifi Tamara Kvesitadze köçürülmədən xəbərsiz olur və o, bu işin xarici mütəxəssislərə həvalə olunmamasından çox narazı qalır.

“Əli və Nino” heyran etməkdə davam edir

Unikal və əzəmətli “Əli və Nino” abidəsi onu görənləri də, görməyənləri də, hətta məşhur şəxsləri belə heyran etməkdə davam edir. Bu yaxınlarda amerikalı biznesmen, ixtiraçı və sərmayəçi İlon Mask “Twitter” sosial şəbəkəsində “World of Engineering” səhifəsində yerəşdirilən “Əli və Nino” abidəsinin yer aldığı 8 saniyəlik videonu bəyənib.

2017-ci ildə “Əli və Nino” abidəsi ən iri maarifləndirici sayt olan Brightside.me onlayn nəşrinin tərtib etdiyi dünyanın 15 ən yaxşı heykəli siyahısında yer alıb. “Mövcud olacağına çətinliklə inana biləcəyiniz 15 ən yaxşı heykəl” məqaləsində “Əli və Nino” 15-ci yeri tutub. Brightside.me onlayn nəşrin saytını ay ərzində 200 milyondan çox istifadəçi ziyarət edir.

Abidənin olduğu məkan batumili və əcnəbi cütlüklərin də ən sevimli görüş yeridir. “Əli və Nino” heykəli azərbaycanlı turistlərin Batumiyə səfər zamanı mütləq ziyarət edilməli olan məkanlardan birincisidir. Abidə 10 ilə yaxındır sevgililərin sevgi etirafları və andlarına da “şahidlik edir”. Monument həm də onu görənləri həyəcanlandırıсı “Əli və Nino” əsərini oxumağa və eyni adlı filmi də izləməyə çox həvəsləndirir.

Qafqazın sevgi sinonimi

“Əli və Nino”nu Qafqazın sevgi sinonimi adlandırmaq olar. Onları klassik “Leyli və Məcnun”, “Romeo və Cülyetta” romantik, ədəbi sevgi cütlüklərindən fərqləndirən müxtəlif etnik və dini mənsubiyyətə mənsub olmalarıdır. Sevgi də, dostluq da heç bir sərhəd tanımır. “Əli və Nino” Qafqazda xalqlar arasında hər zaman ehtiyacın duyulduğu sevgi və qarşılıqlı hörməti təbliğ edir. Dünyada böyük populyarlıq qazanmış “Əli və Nino” əsəri hələ uzun dövrlər mümkünsüz olduğu təsəvvür edilən sevgi və dostluq münasibətlərinin həyata keçməsi üçün güc və ilham mənbəyi olaraq qalacaq.

  DİGƏR XƏBƏRLƏR