Bu da nəticələr açıqlanmayan dairələrin – Əsas namizədləri

Dünən ölkədə keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı ilkin nəticələr açıqlansa da, 7 dairə bu statistikada yer almayıb. Mərkəzi Seçki Komissiyası həmin dairələr üzrə hələ ki, liderin müəyyənləşmədiyini bildirib. Məlumata görə, bu dairələrlə bağlı araşdırmalar aparılır.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, ilkin nəticələri açıqlanmayan 7 dairədən altısı haqda məlumatlar MSK-nın İnformasiya Mərkəzinin saytından da silinib. Artıq həmin dairədən qeydə alınan namizədlərin siyahısı da MSK-nın saytında yoxdur.

Nəticələri açıqlanmayan dairələrdən biri olan 17 saylı Yasamal üçüncü seçki dairəsində üç tanınmış şəxs mübarizə aparırdı. Heydər Əliyev Mərkəzinin direktorunun müşaviri Elnur Allahverdiyev exit-poll nəticələrində lider idi. Lakin seçki prosesi gərgin keçən bu dairədə keçmiş “REAL”çı Azər Qasımlı və vəkil Cavad Cavadov da namizəd idi. C.Cavadovun namizədliyi “REAL” hərəkatı tərəfindən irəli sürülmüşdü. Seçkidən sonra onların müşahidəçiləri və vəkillər arasında sosial şəbəkələrdə qarşılıqlı ittihamlar yer aldı. Hər iki tərəf bir-birini saxtakarlıqda günahlandırdı.

Eyni gərginliklə yadda qalan 35-ci dairədə də rəsmi olaraq ilkin nəticələr açıqlanmayıb. Burada keçmiş deputat, “Ümid” partiyasının rəhbəri İqbal Ağazadə ilə “Yeni Müsavat” qəzetinin sahibi Rauf Arifoğlu (Abbasov) mübarizə aparırdı. Exit-poll nəticələrinə görə, liderliyi elan olunan R.Arifoğlu dünən qərargahında qələbəni qeyd etsə də, MSK bu dairə üzrə nəticələri hələ də açıqlamayıb.

Daha bir nəticəsi bəlli olmayan 42 saylı Sumqayıt seçki dairəsindən YAP-ın namizədi və exit-poll nəticələrində lider olan Tahir Mirkişili idi. O, dünən sosial şəbəkə hesabında rəqib namizədlərdən birinin vəkilinin pozuntulara yol verdiyinə dair video paylaşmışdı. Həmin dairədən tanınmış namizədlərdən biri də vəkil Fariz Namazlı idi.

44 saylı dairədə YAP-ın namizədi olan Müşfiq Məmmədov da sorğuya görə lider olsa da, rəsmi nəticələr hələ açıqlanmayıb. Bu dairədə digər tanınmış namizəd şahmatçı Zeynəb Məmmədyarovadır. O, Şəhriyar Məmmədyarovun bacısı, milyonçu Gülağa Tənhanın keçmiş həyat yoldaşıdır.

77 saylı Astara seçki dairəsindən tanınmış həkim Rəşad Mahmudov favorit namizəd idi və exit-poll nəticələrində də lider kimi qeyd edildi. Lakin MSK bu dairə üzrə də nəticələri elan etməkdə tələsmir. Həmin dairədən Müsavat partiyası Tarif Əliyevin namizədliyini irəli sürmüşdü.

123 saylı Kəlbəcər seçki dairəsində YAP-ın namizədi və həmin rayonun icra başçısı Aqil Məmmədov sorğulardan lider kimi çıxsa da, MSK bu dairə barədə yekun qərarı hələ verməyib.

125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən YAP-ın namizədi, keçmiş deputat İmamverdi İsmayılov lider kimi çıxış etsə də, onun əsas rəqibi jurnalist Anar Əsədli də gərgin mübarizə aparırdı. Bu dairə üzrə də nəticələr hələ açıqlanmayıb.

Qeyd edilən dairələrin bir neçəsində qutulara topa bülleten atılması ilə bağlı sosial şəbəkələrdə videogörüntülər yayılıb. Dünən gün ərzində MSK bu hallara ciddi nəzarət etdiyini, hər bir pozuntu ilə bağlı ətraflı araşdırma aparılacağını elan etmişdi.

  DİGƏR XƏBƏRLƏR