Qadını xəyanətdə günahlandıraraq öldürdü – MƏHKƏMƏ

Bakı Apellyasiya Məhkəməsində həyat yoldaşını öldürməkdə təqsirli bilinən Faiq İbrahimovun barəsindəki hökmdən apellyasiya şikayəti üzrə ilkin baxış iclası keçirilib.

“Report”un xəbərinə görə, hakim Namiq Məmmədovun sədrlik etdiyi iclasda anket məlumatları dəqiqləşdirilib.

Baxış iclası martın 2-nə təyin edilib.

Qeyd edək ki, F.İbrahimov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 18 il müddətinə azadlıqdan məhrum edilib.

Hadisə iyun ayında Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində baş verib. Abşeron rayon sakini, 38 yaşlı İbrahimov Faiq Əliqulu oğlu dini nikah bağladığı həyat yoldaşı, 41 yaşlı İbrahimova Xavər Arif qızının iş yerində sinə və boğaz nahiyəsinə iki bıçaq xəsarəti yetirib.

Xəstəxanada qeydiyyatçı işləyən Xavər İbrahimova sinə və boğaz nahiyəsindən aldığı zərbələrdən hadisə yerində dünyasını dəyişib.

F.İbrahimov arvadını xəyanət üstündə öldürdüyünü bildirib. O, məhkəmədə deyib ki, arvadını öldürmək niyyəti olmayıb:

“Xavər işləyən xəstəxanaya həkimə getmişdim. Həkim orada olmadığına görə qayıtdım. Xəstəxanadan çıxanda Xavər məni çağırdı. Söhbət zamanı mübahisə elədik. Xavər xəyanət etdiyini təsdiqlədi. Nalayiq ifadə də işlətdi. Onu necə vurmağımı xatırlamıram”.

İbtidai istintaqdakı ifadəsində isə qadının saçından tutaraq yerə uzatdığını, boynunu kəsmək istəməsini də danışıb.

O, X.İbrahimovanın Rəşad Rəsulov adlı şəxslə münasibətdə olduğunu bildirsə də, şahid qismində ifadə verən R.Rəsulov mərhumla yaxın, səmimi, dost münasibəti olduğunu deyib.

F.İbrahimova Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adamöldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adamöldürmə) maddələri ilə itiham verilib.

  DİGƏR XƏBƏRLƏR