Rusiya türk ordusunun İdlibdə hücumunu dayandırdı

Bu gün Türkiyə ordusunun Suriya hökumət qüvvələrinin mövqelərinə hücumunun qarşısını Rusiya tərəfi alıb.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, saat 17:00 radələrində İdlib vilayətinin şimal-şərqində Türkiyə ordusu və müttəfiq müxalif qüvvələr bir neçə həftə əvvəl Əsəd qüvvələrinin ələ keçirdiyi Sarakib şəhərini azad etməyə çalışıb. Əməliyyatın başlanmasından 2 saat sonra Rusiya aviasiyası işə qarışıb.
Suriya ordusunun Kminas və Nayrab rayonlarında mövqeləri yarıldıqdan sonra Rusiyaya məxsus Su-24 təyyarələri hücum edən tərəfin zirehli texnikasını məhv edib. Bundan sonra Suriya ordusu döyüş mövqelərini bərpa edib.
Əməliyyatda Rusiya Hərbi Kosmik Qüvvələrinin iştirak etdiyini rəsmi Moskva da təsdiqləyib.
“Qanunsuz birləşmələrin Suriya ordusunun mövqelərinin dərinliklərinə çıxmasının qarşısını almaq üçün Su-24 təyyarələri ilə mövqelərə zərbələr endirilib. Bundan sonra hərbi kanallar vasitəsilə Türkiyə tərəfi ilə əlaqəyə çıxmışıq və onlardan artilleriya atəşini dayandırmağı tələb etmişik”-deyə açıqlamada deyilir.
Türkiyə tərəfi döyüşdə 2 hərbçisini itirib, 5-i isə yaralanıb. Ankara itkilərinin Suriya rejiminə məxsus təyyarə tərəfindən zərbələr zamanı verildiyini açıqlayıb.

  DİGƏR XƏBƏRLƏR