Bakıda şantaj qurbanı intihara cəhd etdi

Bakının Nizami rayonunda təhdid və şantaj yolu ilə pul tələb etmə və intihara cəhd qeydə alınıb.

Oxu.Az-a Nizami rayon Polis İdarəsindən verilən məlumata görə, martin 10-da Toksikologiya Mərkəzinə “dərman vasitələri ilə zəhərlənmə” diaqnozu ilə 35 yaşlı Bakı şəhər sakini gətirilib. O, lazımi kömək göstəriləndən sonra evə buraxılıb.

Məlum olub ki, qadın intihar etmək üçün dərman həbləri udub. Zərərçəkən 25-ci Polis Bölməsinə şikayət edərək 2019-cu ilin oktyabr ayında tanış olduğu, əvvəllər dələduzluq əməlinə görə məhkum olunmuş 34 yaşlı Tərtər rayon sakini Əşrəf Məmmədov tərəfindən aldadıldığını bildirib.

Qadının dediyinə görə, Ə.Məmmədov onu şantaj etməyə başlayıb. O qadının şəkillərini qohumlarına göndərərək rüsvay etməklə hədələyib.

Həmin şəxs susmağı müqabilində qadından 18 000 manat alıb. Lakin bir müddət sonra yenidən zərərçəkmişdən pul tələb etməyə başlayıb.

Hazırda polis işçiləri bu cinayətin təfərrüatını müəyyənləşdirməyə çalışırlar. Hələlik faktla bağlı həbs olunanlar yoxdur.

Qeyd edək ki, eyni gündə Bakıda 28 yaşlı Yasamal rayon sakini Nicat Quliyev də oxşar şəkildə intihara cəhd edib. “Diklofenak” həblərini udan gənc Toksikologiya Mərkəzinə yerləşdirilib. Həkimlər N.Quliyevin həyatını xilas ediblər. Həmin şəxsi intihara sövq edən səbəb hələlik məlum deyil.

  DİGƏR XƏBƏRLƏR