Koronavirusa qarşı texnoloji həlləri bir araya gətirən “virtual hackathon”a qeydiyyat başlayıb

Koronavirus (COVID-19) pandemiyası ilə mübarizə məqsədilə texnoloji həlləri bir araya gətirmək üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və “SUP.VC” Akselerasiya Mərkəzinin təşkilatçılığı ilə “Global Virtual Hackathon” müsabiqəsi keçirilir.

Bu barədə “Report”a Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

“Global Virtual Hackathon”un keçirilməsində əsas məqsəd virtual aləmdə insanların öz işlərini nizama salması üçün mühit yaratmaq, öyrənmək, şəbəkə qurmaq, ticari əlaqələr arasındakı boşluğu aradan qaldırmaq, mövcud potensialı üzə çıxarmaq və həqiqi nəticələrin əldə edilməsindən ibarətdir.

Müsabiqəyə qeydiyyat bu gündən başlayır. İştirakçılar müsabiqəyə qoşulmaq üçün “www.hackcov19.com” saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər. Qeydiyyat 9 aprel 2020-ci il Bakı vaxtı ilə saat 21:00-da başa çatacaq.

Seçilən iştirakçılar üçün müsabiqəyə aprelin 10-da tarixində start veriləcək. Aprelin 12-də keçiriləcək final mərhələsində isə jüriyə təqdim ediləcək layihələr arasından qiymətləndirmə əsasında qalib layihə və iştirakçılar seçiləcək.

Birinci yerin sahibinə 5 min ABŞ dolları, ikinci yerin qalibinə 3 min ABŞ dolları və üçüncü yeri tutana isə 2 min ABŞ dolları məbləğində mükafat bank hesabına köçürülməklə təqdim ediləcək.

  DİGƏR XƏBƏRLƏR