Koronavirusun ən çox yayıldığı 10 ölkə – FOTO

Pandemiya elan olunan COVID-19-un dünyada ən çox yayıldığı 10 ölkənin adı məlum olub.

Oxu.az-ın verdiyi xəbərə görə, bu siyahıya virusun mənbəyi olan Çin liderlik edir.

Bu günə olan məlumata görə, Çində 81 171 nəfər koronavirusa yoluxub. Onlardan 3 277 nəfəri ölüb, 73 159 nəfəri sağalıb.

İkinci yerdə isə hazırda virusla mübarizənin ən çətin dövrünü yaşayan İtaliyadır.

Qısa müddət ərzində siyahıdakı liderə çatan bu ölkədə 63 927 nəfər virusa yoluxub. Həmin şəxslərin 6 077 nəfəri ölüb, sağalanların sayı isə 7 432 nəfərdir.

Üçüncü yerdə isə ABŞ gəlir. Orada 46 145 nəfərdə virus aşkarlanıb. Onlardan 582 nəfər ölüb, 295 nəfər sağalıb.

İspaniya 35 136 xəstə sayı ilə dördüncü yerdədir. Həmin xəstələrin 2 311-i ölüb, 3 355-i sağalıb.

Beşinci yerdə olan Almaniyada xəstələrin ümumi sayı 29 056 nəfərdir. Onlardan 123-ü ölüb, 453-ü sağalıb.

İlk vaxtlarda xəstə və ölü sayı yüksək sürətlə artan, son günlərdə isə statistik rəqəmlərdə stabillik hiss olunan İran 23 049 nəfər xəstə ilə altıncı yerdədir. Xəstələrin 1 812-i ölüb, 8 376-ı sağalıb.

Fransada hazırda 19 856 nəfər virusa yoluxub, 860 nəfər ölüb, 2 200 insan sağalıb. Bu göstərici ilə ölkə yeddinci yerdə qərarlaşıb.

Siyahının liderinin qonşusu olan Cənubi Koreya isə qabaqlayıcı tədbirlər sayəsində səkkizinci yerdə bərqərar olub. Bu ölkədə 9 037 xəstə var. Onlardan 120-i ölüb, 3 507 nəfəri sağalıb.

Dünyanın ən təhlükəsiz ölkələrindən biri hesab olunan İsveçrə virusun daha çox yayıldığı doqquzuncu ölkədir. Burada 8 795 nəfər virusa yoluxub, 120 insan ölüb, 131 xəstə sağalıb.

İlk onluqda Böyük Britaniya sonuncu yeri tutur. Belə ki, 6 650 xəstədən 335-i ölüb. Sağalanlar isə 135 nəfərdir.

Azərbaycan 72 xəstə ilə dünya ölkələri arasında 96-cı yerdədir. Onlardan 1-i ölüb, 10 nəfər sağalıb.

  DİGƏR XƏBƏRLƏR