Rusiyada koronavirusun gerçək miqyası gizlədilir? – “1600 nəfərdən az deyil…”

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MQİMO) kafedra müdiri olmuş tarix elmləri doktoru, professor Valeri Solovey sensasion iddialarla çıxış edib.

“AzPolitika.info” xəbər verir ki, “Exo Moskvı” radiostansiyasının efirində danışan V.Solovey Rusiya hakimiyyətinin ölkədə koronavirus epidemiyasının gerçək miqyasını gizlətdiyini iddia edib.

Həm də politoloq kimi tanınan V.Solovey deyib ki, yanvar ayının ortalarından bu günə qədər Rusiyada koronavirusdan öldükləri analizlərlə təsdiqlənən insanların sayı 1600 nəfərdən az deyil: “Koronavirusun Rusiya adlı buz səhrasından yan keçdiyinə dair deyilənlərə inanmağa dəyməz. Bu, tam yalandır. Bu ilin yanvar ayının ortalarından Rusiya Federasiyasında koronavirusdan təsdiqlənmiş ölüm hallarının sayı 1600-dən az deyil.”

Alim iddia edib ki, hökumət həmişəki kimi gerçək statistikanı gizlədir: “İzahı çox asandır. Çernobıl hadisəsini, Krımskdakı daşqınları yada salın. Bizdə hər zaman gizlədirlər, hər zaman!”

Solovey 1600-dək insanın məhz koronavirusdan öldüyünün onlardan götürülən analizlərlə təsdiqləndiyini deyib.

Onun bu məlumatları hardan əldə etdiyinə dair suala cavab verən politoloq “xoşbəxtlikdən heç də bütün məmurlar vicdanlarını itirməyiblər” deyə bildirib və bu informasiyanı hökumətdəki mənbələrdən aldığına eyham vurub.

V.Solovey koronavirusdan ölüm hallarının əsasən yaşlı insanlarda qeydə alındığını və bu hadisələrin başqa adlarla rəsmiləşdirildiyini qeyd edib. O, deyib ki, ölənlərə əsas etibarilə pnevmaniya və adətən hər zaman yaşlı insanların ölümünə səbəb olan digər diaqnozlar qoyulur. Gerçək səbəb isə gizlədilir.

Politoloq iddia edib ki, Rusiyada koronavirusun gerçək fəsadlarının gizlədilməsinin əsas məqsədi bütünlükdə ölkənin və səhiyyə sisteminin idarəçiliyinin qüsursuz olduğuna dair yalançı görüntü yaratmaqdır.

Maraqlıdır ki, iki gün keçməsinə baxmayaraq, professorun Rusiyada kifayət qədər populyar olan “Exo Moskvı” radiostansiyasının efirində səsləndirdiyi bu iddialara rəsmi orqanlar tərəfindən təkzib verilməyib.

 

  DİGƏR XƏBƏRLƏR