Tokio Olimpiadasının məşəli alovlandırıldı

Yaponiyanın paytaxtı Tokioda keçiriləcək XXXII Yay Olimpiya Oyunlarının məşəlinin alovlandırılması və ötürülməsi mərasimi keçirilib.

“Report”un məlumatına görə, “Tokio 2020” Yay Olimpiya Oyunlarının məşəli Yunanıstanın paytaxtı Afinadakı tarixi Olimpiya bölgəsində alovlandırılıb. Mərasimdə Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax iştirak edib. İlk olaraq Olimpiya bayrağı dalğalandırılıb və olimpiya himni səsləndirilib.

Daha sonra müvafiq olaraq Yaponiyanın və Yunanıstanın bayraqları təqdim olunub və ölkələrin dövlət himnləri səsləndirilib.

Yunanıstanda 3 200 km məsafə qət edəcək məşəl 8 gün ərzində Egey dənizinin sahilindəki Saloniki də daxil olmaqla, 32 şəhərdən keçəcək.

Qeyd edək ki, iyulun 24-də start götürməsi planlaşdırılan XXXII Yay Olimpiya Oyunları avqustun 9-da başa çatacaq.

  DİGƏR XƏBƏRLƏR