“Ağır cinayət törətməyən məhkumlar şərti cəza ilə azadlığa buraxılmalıdır” – Vəkil Kamandar Nəsibov

Artıq 3 aydan çoxdur ki, dünyanın inkişaf etmiş ölkələri koronavirus pandemiyası qarşısında sözün həqiqi mənasında aciz qalıblar. Dünyanın 208 ölkəsini əhatə edən bu virusla bütün ölkələr eyni formada, yəni hava və quru sərhədlərini bağlamaqla, fövqəladə vəziyyət, xüsusi karantin rejimi tətbiq etməklə mübarizə aparırlar- insanların evdən bayıra çıxmamağını, özlərini təcrid etməyi tövsiyyə edirlər. Ölkəmizdə də artıq ciddi karantin rejimi tətbiq olunub və insanların evdən çıxması rəsmi icazəylə mümkün olur.

Qeyd edək ki, bu il mart ayının əvvəllindən Ədliyyə Nazirliyinin Penitensiar xidməti məhbuslara ailələri tərəfindən sovqat gətirməyi qadağan elədi, görüşlər dayandırıldı. Bu müsbət addım kimi dəyərləndirildi və təbii ki, dövlət bu addımı məhkumların sağlamlığı üçün atdı. Ancaq dünya ölkələrində koronavirusla bağlı məhkumlara qarşı müxtəlif humanist addımlar atıldı. Həmçinin beynəlxalq təşkilatlarda dünya ölkələrinə az ağır cinayət törətmiş, həmçinin yaşı 60-dan yuxarı olan məhkumların azadlığa buraxılması ilə bağlı tövsiyələr verdilər. Təbii ki, Azərbaycanda da qlobal pandemiya ilə əlaqədar məhkumların hüquqlarının qorunması məqsədilə növbətçi hakimlər tərəfindən işlərə təxirəsalınmadan baxılaraq, 200 məhkum cəzadan şərti azadlığa buraxılıb. Ötən gün isə Prezident İlham Əliyevin sərəncamı ilə yaşı 65-dən yuxarı olan 176 (10-nu qadın olmaqla) məhkum əfv edildi. Təbii ki, dövlətimizin atdığı bu addımlar təqdirəlayiqdi və alqışlanır. Ancaq unutmayaq ki, Azərbaycanda cəzaçəkmə müəssisələrində 20 mindən artıq məhkum cəza çəkir. Koronavirus pandemiyası ilə bağlı hazırda cəza çəkən məhkumların vəziyyəti, onlara hüquqi yolla hansı güzəştlərin oluna biləcəyi ilə bağlı Vəkillər Kollegiyasının üzvü, müstəqil vəkillik bürosunun rəhbəri, tanınmış vəkil Kamandar Nəsibovun fikirlərini öyrəndik.

– Siz bir vəkil kimi mütəmadi olaraq istintaq təcridxanalarında həbs edilən şəxslərlə görüşürsüz. Təcridxanalarda koronavirusa qarşı aparılan mübarizə sizi qane edirmi?

– İstintaq təxridxanalarında koronavisusla mübarizə üçün bir sıra tədbirlər həyata keçirilir. Koronavirusla bağlı istintaq təcridxanalarında həbsdə saxanılan şəxslərin ailə üzvləri, qohumlar və digər şəxslərlə görüşləri və onlara qanunvericiliklə müəyyən olunmuş formada sovqatların verilməsi dayandırılıb. Müstəntiq və vəkillərlə bir müddət əvvələ kimi istintaq otaqlarında görüş verilsə də, son günlər belə görüşlər hazırda şüşə görüntü arxasında telefonla danışıq vasitəsilə həyata keçirilir. Görüşdən əvvəl görüşə gələn şəxslər tibbi müayinədən keçir, onlarda virusun ilkin əlamətləri olmadıqda görüşə şərait yaradılır. Bununla belə, hesab edirəm ki, telefonla vasitəsilə baş tutan görüş daha təhlükəlidir. Belə ki, gün ərzində onlarla insan həmin telefonlardan istifadə edir və belə olan halda bir şəxsdə ola biləcək virus çox sayda insanda risk yarada bilər. Bu baxımdan təqsirləndirilən şəxslərlə, xüsusi ayrılmış otaqlarda konfidensial şəraitdə görüşün keçirilməsi bundan daha az təhlükəlidir.

– Karantin dövründə məhbuslar onlara verilən qidalardan razıdılarmı? Adətən, məhbusların bir hissəsi evdən gətiirlən ərzaqlarla qidalanırdılar…

– Karantindən əvvəl cəzaçəkmə müəssisəsində və istintaq təcridxanalarında saxlanılan şəxslərə qanuna müvafiq olaraq ailə üzvləri tərəfindən sovqatlar göndərildiyi üçün onların qidalanması daha yaxşı həyata keçirilirdi. Yuxarıda qeyd etdiyimiz kimi, görüş və sovqatların dayandırılması həmin şəxslərin qidalanmasına mənfi təsir göstərir. Bu da bir çox cəzaçəkmə müəssisəsi və istintaq təcridxanasında saxlanan şəxslərin haqlı narahatlığına səbəb olur. Hesab edirəm ki, görüşlər məhdudlaşdırılsa belə sovqat qəbuluna qoyulmuş məhdudiyyət aradan qaldırılmalıdır. Xüsusən indiki dövrdə həmin şəxslərin imunitetlərinin güclü saxlanılması olduqca vacib məsələdir. Cəzaçəkmə müəssisəsində və istintaq təcridxanalarında saxlanılan şəxslər yalnız orada mövcud olan dükanlardan nələrsə ala bilirlər. Bu isə onlara göndərilən ərzaqları əvəz edə bilmir.

– Doğrudanmı, yaz mövsümü ilə bağlı dustaqlar arasında xəstəliklər yayılmayıb? Ola bilməz ki, ən azından imuniteti zəif olan dustaqlar xəstələnməsinlər…

– Müdafiəçisi olduğum cəzaçəkmə müəssisəsində və istintaq təcridxanalarında saxlanılan şəxslər arasında xəstəlik hallarına rast gəlinmədiyi üçün bu suala konkret cavab verə bilmərəm. Hesab edirəm ki, bu suala Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin məsul şəxsləri tərəfindən daha dəqiq cavab verilə bilər.

– Dünya ölkələri, o cümlədən qonşumuz olan İran 85 minə yaxın məhkumu azadlığa buraxdı. Bizdə də belə informasiyalar dolaşır ki, may ayında amnistiya aktının verilməsi gözlənilir. Sizcə bizim hökümət bu qərarın verilməsində gecikmir ki?

– Hesab edirəm ki, müəyyən kateqoriyalı ağır və xüsusilə ağır cinayətlər (terrorçuluq, qəsdən adam öldürmə, terror aktı, vətənə xəyanət, casusluq, zorlama və.s) istisna olmaqla məhkum edilmiş şəxslərin cəzalarının şərti hesab olunmaqla onların vaxtından əvvəl azadlığa buraxılması olduqca vacibdir. Belə olan halda cəzaçəkmə müəssisələrində saxlanılan şəxslərin sayının azalması koronavirusun yayılma ehtimalını azaldar. Bunun nəticəsində həmçinin Penitensiar Xidmət əməkdaşlarının da sağlamlığı üçün mövcud olan risklər qismən olsa belə aradan qalxmış olar. Həmçinin hazırda ibtidai istintaqı davam edən ağır və xüsusilə ağır cinayətlər (Terrorçuluq, qəsdən adam öldürmə, terror aktı, vətənə xəyanət, casusluq, zorlama və.s) istisna olmaqla təqsirləndirilən şəxslər barəsində seçilmiş həbs-qətimkan tədbirlərinin ev dustaqlığı və həbslə əlaqədar olmayan digər qətimkan tədbirləri ilə əvəz olunmasını da zəruri hesab edirəm. Nəzərə alsaq ki, hazırda istintaq təcridxanalarında saxlanılan şəxslərin sayının çoxluğu səbəbindən həmin müəssisələrdə kifayət qədər sıxlıq mövcuddur ki bu da orada qapalı şəraitdə saxlanılan şəxslər üçün olduqca təhlükəli vəziyyətdir. Bu gün koronavirusun yayılma tendensiyasını və ona qarşı aparılan tədbirləri nəzərə alsaq deyə bilərik ki, belə bir amnistiya aktının may ayında yox (və ya məsələni tənzimləyəcək digər hüquqi aktın) qəbulu gecikdirilmədən dərhal qəbul olunması daha məqsədə müvafiq olardı. Bununla bağlı məsələnin may ayına saxlanılması gecikməyə və xoş olmayan nəticələrə səbəb ola bilər.

Artıq bir sıra beynəlxalq təşkilatlar qlobal pandemiya təhlükəsi ilə bağlı həyəcan təbili çalıblar. Belə ki, Beynəlxalq hüquq təşkilatı olan “Amnesty International” yarım milyondan çox məhbusu olan Rusiya hökümətinə yaşı 60-dan yuxarı olan 9 min 519 məhkumun azadlığa buraxılması ilə bağlı təklif verdi. Təkilatın Rusiya üzrə araşdırmaçısı Natalya Priluçkaya Rusiyanın cəzaçəkmə müəssisələrində havalandırma sisteminin bərbad olmasını, tibbi ləvazimatların çatışmadığını və sanitar vəziyyətin ürəkaçan olmadığını dilə gətirib. Belə ki, koronavirus pandemiyasının geniş yayıldığı ölkələr artıq dustaqların sağlamlığı ilə bağlı bir çox addımlar atıblar. Belə ki, “Reuters” agentliyinin məlumatına görə, ABŞ-ın baş prokuroru Uilyam Barr Həbsxanalar Bürosuna koronavirusun yayılması ilə əlaqədar məhbusların həbs yerlərindən ev dustaqlığına buraxılması barədə göstəriş verib. Bildirilib ki, müvafiq əmr ilk növbədə Elkton (Ohayo) və Danberi (Konnektikut) həbsxanalarında saxlanılan şəxslərə şamil olunacaq. Çünki koronavirusun yayılması ilə bağlı ən ciddi vəziyyət hər iki həbsxanada qeydə alınıb. Həmçinin ABŞ-ın Luizana ştatında məhkumlar arasında artıq ilk ölüm halı qeydə alınıb. Rəsmi məlumatlara görə, nakotik ticarətinə görə 27 il müddətinə azadlıqdan məhrum edilən 49 yaşlı Patrik Con ABŞ-da koronavirusdan ölən ilk dustaq olub. Onun cəza çəkdiyi türmədə 1700 dustağın 60 nəfəri dərhal koronavirus təhlükəsi ilə karantinə alınıb. Agentliyin məlumatına görə, hazırda 91 məhbus və ABŞ-ın 122 həbsxanasının 50 əməkdaşı koronavirusa yoluxub. Avropada pandemiyanın ən çox yayıldığı İtaliyanın 27 türməsində isə dustaqlar amnistiya verilməsi tələbi qiyam qaldırıblar. Hətta Modene şəhərində yerləşən cəzaçəkmə müəssisəindən 50-dən artıq məhkumun qaçması xəbəri də yayılıb. Pandemiyanın ən çox yayıldığı qonşumuz İranda da Ali Məhkəmənin sədri İbrahim Raisi 85 mindən çox dustağın azadlığa buraxılması ilə qərarın icra olunduğunu bildirib. Mərakeş kralı Altıncı Məhəmməd də ölkədə koronavirusla mübarizə tədbirləri fonunda 5,654 məhbusla bağlı əfv sərəncamı imzalayıb. Bu barədə Mərakeşin Ədliyyə Nazirliyi bəyanat verib. //yenisabah.az//

  DİGƏR XƏBƏRLƏR