İşsizləri qeydə alan www.e-sosial.az portalı çökdü – Müraciətlər həddindən çoxdur

Nazirlər Kabinetinin yardım paketində 200 min işsizə 2 ay ərzində hər ay 190 manat ödənilməsi məqsədilə 70 milyon manat vəsait ayrılıb. 

Bu yardımı əldə etmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi onlayn imkan yaradıb. İşsiz vətəndaşlar ilk növbədə işsizlik statusunu rəsmiləşdirmək üçün www.e-sosial.az portalından istifadə etməklə, “e-xidmətlər” bölməsinə daxil olmalıdır. Məşğulluq Mərkəzlərində pandemiya ilə əlaqədar olaraq vətəndaş qəbulları dayandırılıb, bu müraciətlər qəbul olunmur.

Dünəndən etibarən, müraciətlərin hədsiz çox olması saytın yüklənməsinə və hazırda işləməməsinə səbəb olub.

Xatırladaq ki, Nazirlik vətəndaşlara müraciət edərək yalnız əvvəldən göstərilən kriteriyalara uyğun gələn vətəndaşları müraciət etməyə çağırıb. Bildirilib ki, əks halda portal yüklənəcək və problemlər yaranacaq.

Nazirliyin rəsmisi Fazil Talıbov bildirib ki, muzdla (əmək müqaviləsi ilə) işləyənlər, mülki-hüquqi xarakterli (xidməti) müqavilələrlə işləyənlər, sahibkarlar, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə kəndli təsərrüfatının üzvləri, əyani təhsil alan tələbələr və b. məşğul şəxs sayıldığından işsiz kimi qeydiyyata alına bilməzlər. “Ona görə də, bu kateqoriyadan olan vətəndaşlar işsiz şəxs kimi qeydiyyata alınmaq üçün müraciət etməməlidirlər” – deyə, o əlavə edib.

“AzPolitika.info”

  DİGƏR XƏBƏRLƏR