Rusiya daha bir cəbhədə mövqelərini sürətlə itirir

ABŞ maye qazı “Qazprom”u küncə sıxır
Martın əvvəlində Rusiya neft hasilatının azaldılmasına dair OPEK+ razılaşmasından çıxanda əksər analitiklər bunu ABŞ şist neft istehsalçılarını bazardan çıxarmağa yönəlmiş addım kimi dəyərləndirdilər. Dünya neft və qaz bazarında baş verən prosesləri analiz etdikdə, bu qiymətləndirmənin kifayət qədər real olduğunu görmək mümkündür.
Həqiqətən də OPEK+ çərçivəsində azaldılan hasilat nəticəsində ABŞ neftçiləri bazara daha çox həcmdə xammal çıxarmaq imkanı qazandılar. Lakin məsələ burasındadır ki, son illərdə ABŞ yalnız neft deyil, qaz bazarında da Rusiyanın mövqe itkilərini artırır. Söhbət getdikcə daha böyük həcmlərlə Amerikadan Avropaya çıxarılan maye qazdan – LNG-dən gedir.
Statistik məlumatlara əsasən, 2019-cu ilin noyabrından ABŞ Avropaya LNG ixracatında birinci yerə çıxıb. Bu ilin fevralında isə ABŞ-dan Avropaya maye qaz ixracı rekord həcmə – gündəlik 5,1 milyard kubfuta yüksəlib. Bu, Avropaya belə qaz satışına görə ikinci yerdə gələn Qətərin bazara çıxardığı həcmdən iki dəfə çoxdur. Martın son həftəsində isə ABŞ rekord həcmdə – 15 milyard kubfut(təxminən 424,8 milyon kubmetr) təbii qaz ixrac edib. Ölkənin Energetika Nazirliyi yanında Enerji İnformasiya İdarəsinin(EIA) məlumatına görə, indiyədək bu həcmdə həftəlik ixrac qeydə alınmayıb. Nəticədə təbii qazın xalis ixracında 2020-ci ilin əvvəlinə nisbətən 30 faizə yaxın artım baş verib. İdarənin məlumatına görə, ABŞ-ın təbii qaz ixracı 5 ildir davamlı olaraq artır. Bu artımın 69 faizi məhz maye qazın payına düşür.
Həyata keçirilən yeni layihələr ABŞ təchizatçılarına imkan verib ki, 2020-ci ildə Avropanın qaz bazarını az qala bütünlüklə ələ alsınlar. Mart ayından Amerikadan bu bazara maye qaz ixracı sutkada 107 min tona çatıb. Yanvar ayında Rusiyanın qaz nəhəngi “Qazprom”un ümumi qaz ixracı 11 faiz azalıb, ixracatdan əldə etdiyi gəlirlər 41 faiz kiçiləndə Avropanın ABŞ-dan aldığı LNG-nin həcmi elə Rusiya şirkətinin boru xətləri ilə çatdırdığı qədər olub.
Düzdür, hazırda bütün dünyada qaza tələbat təbii olaraq azalır və bu da qiymətlərə təsir edir. Belə ki, Niderlandı TTF habında qazın spot qiyməti min kubmetr üçün 80 dollara qədər ucuzlaşıb. Ucuzlaşmanın bir səbəbi də neftin qiymətinin düşməsidir. Üstəlik, Avropanın qaz anbarlarının dolma səviyyəsi 2020-ci ilin qış mövsümünün sonuna rekord həddə – 60 faizə çatıb. ABŞ Energetika Naziliyinin(EİA) bununla bağlı yaydığı məlumata görə, son 5 ildə Avropanın təbii qaz anbarları 1 martda ən çoxu saxlama gücünün 38 faizi həcmində dolu olub. Bu il isə anbarlardakı qazın həcmi yarıdan çox artıb.
Avropa anbarlarında qazın belə çox olmasının bir səbəbi mülayim keçən qışdırsa, digər səbəbi isə bazarlara əvvəlki illərdən daha çox həcmdə təbii və maye qazın çıxarılmasıdır. Ötən il Avropaya maye qaz(LNG) idxalının gündəlik həcmi faktiki olaraq iki dəfə artaraq 11 milyard kubfut(təxminən 311,5 milyon kubmetr) olub.
Belə qiymətlər şəraitində yaxın aylarda ABŞ ixracatçılarının Avropaya qaz çatdırması bir qədər azala bilər. Lakin aydın məsələdir ki, bu, müvəqqəti haldır. Neftdən fərqli olaraq, qaza tələbat ən azı payız aylarından etibarən artır ki, bu da qiymətlərə təsirsiz ötüşməyəcək.
Avropanın getdikcə daha çox LNG-yə üstünlük verməsinin Rusiyanı narahat etməsinin əsaslı səbəbləri var. Belə ki, bu ölkənin boru xətləri ilə Avropaya satdığı təbii qazın min kubmetri 2018-ci ildə 246 dollar təşkil edib. 2019-cu ildə “Qazprom” qiymətin bir qədər azalacağını  – təxminən 230-235 dollar olacağını proqnozlaşdırırdı. Lakin ilin yekununda məlum olub ki, qazın orta qiyməti 170 dollardan aşağı olub. Nəticədə Rusiya nəhənginin ötən ilin 3 rübündə xalis gəliri 12 faiz azalaraq 242 milyard rubla düşdü. İtkinin əsas səbəbi isə Avropanın qaza artan tələbatını daha ucuz LNG ilə təmin etməsidir. EIA-nın hesablamalarına görə, 2019-cu ildə Avropanın LNG alışı iki dəfə artaraq 76 milyon tona çatıb.
Qazın qiymətinin ucuzlaşmasından əlavə, satış həcmləri də getdikcə azalır. Belə ki, 2022-ci ildən Polşa Rusiya qazından tam imtina edərək, Norveçdən idxala keçir. Üstəlik, Polşa ABŞ qazını Ukraynaya çatdırmaq planı da hazırlayıb.
Eyni zamanda 2019-cu ilin dekabrında ABŞ tətbiq etdiyi sanksiyalarla Rusiya qazını Ukraynadan kənar xəttlə Avropaya çatdıracaq “Şimal Axını-2” kəmərinin tikintisini qeyri-müəyyən vaxta təxirə salmağa nail olub. Digər tərəfdən, bu ilin sonunda Azərbaycan qazını Avropaya çatdıracaq Cənub qaz Dəhlizi tam gücü ilə işləməyə başlayacaq. Bu şəraitdə Rusiyanın Avropaya çıxartdığı həcmləri artırmaq imkanları getdikcə daha çox məhdudlaşır.
Bundan əlavə, boru qazının alqı-satqısı üzrə bağlanmış uzunmüddətli müqavilələr təhlükəsizlik yastığı rolundan çıxaraq getdikcə daha çox başağrısına çevrilir. Məsələn, qazın qiymətindəki ucuzlaşma fonunda Belarus və Ermənistan Rusiyadan müqavilələrə yenidən baxılmasını və qiymətlərin endirilməsini istəyirlər. Bu cür istəkləri qəbul etməmək isə “Qazprom” üçün ciddi problemlər yarada bilir. Məsələn, bu gümlərdə məlum olub ki, Polşanın enerji konserni PGNiG-in qazın qiymətinin azaldılması tələbi ilə 2014-cü ildən Stokholm arbitraj məhkəməsində “Qazprom”a qarşı qaldırdığı iddia müsbət qərarla nəticələnib. Qərara görə, Rusiya nəhəngi Polşa konserninə qazın yuxarı qiymətinə görə ödədiyi 1,5 milyard dollar pulu geri qaytarmalıdır.
Bundan əlavə, “Qazprom” Avropa bazarında yalnız ABŞ-la deyil, Rusiyaya məxsus özəl maye qaz istehsalçısı olan “Novatek”lə də rəqabət aparmalı olur. Bu şirkətin rəhbəri Leonid Mixelson əvvəlcə “Qazprom”a görə məhsulunu Asiyaya satacağını desə də, daşınmadakə çətinliklər üzündən sözünəəməl edə bilmir. Nəticədə, Yamal qaz emalı zavodunun məhsulu Avropada satılır. Belə ki, 2019-cu ildə bu məhsulun 80 faizi məhz Avropada satılaraq, regionun 20 faiz tələbatını ödəyib. Müqayisə üçün qeyd edək ki, ABŞ-ın payı bu bazarda cəmi 13 faizdir.
Qeyd edək ki, ABŞ-da min kubmetr qazın maye hala gətirilməsi 60 dollara, onun Atlantik okeanı vasitəsilə Avropaya daşınması 15 dollara, digər xərcləri isə bundan da aşağı məbləğə başa gəlir. Bu o deməkdir ki, 4 min km uzağa daşıyırsansa, LNG boru qazından qat-qat sərfəlidir.  Boru qazını proqnozlaşdırılan həcmdən – borunun ötürmə gücündən artıq əldə etmək mümkün deyil. Amma LNG-ni rahatlıqla tələbə uyğunlaşdırmaq olur.
Bunun nəticəsidir ki, bu qaza olan tələbat sürətlə artır. Belə ki, dünyada LNG-dən istifadə 1980-2011-ci illərdə ildə orta hesabla 8 faiz, 2012-2016-cı illərdə 0,4 faiz, 2017-ci ildə  11 faiz artıb. Sonuncu artım daha çox Çinin ekoloji tələblərə uyğunlaşmaq xətti götürərək daş kömürü sürətlə LNG ilə əvəz etməsi ilə bağlıdır.
2000-ci ildən bəri LNG istehlakı 3,5 dəfə  – 100 milyon tondan 2019-cu ildə 355 milyon tona, idxal-ixracı isə 2 dəfə artıb. Hazırda maye qazın əsas ixaracatçıları sırasında birinci yerdə Avstraliya(2019-cu ildə 77,5 milyon ton), ikinci yerdə Qətər(75 milyon ton), üçüncü yerdə ABŞ gəlir. Bu məhsulun digər iri ixracatçıları Nigeriya, İndoneziya və Malaziyadır. Ümumilikdə, LNG-ni Rusiya da daxil olmaqla 18 ölkə ixrac edir, 42 ölkə alır. Bu məhsulun bazarında tələbi və qiyməti müəyyənləşdirən əsas amil Asiya-Sakit okean regionu ölkələri hesab olunurlar. Məsələn, LNG-nin ən böyük alıcısı uzun illərdir baqşa qaz mənbələri olmayan Yaponiyadır – 2018-ci ildə 82,5 milyon ton idxal edib. Lakin yaxın gələcəkdə tələbi artıracaq əsas ölkələr Çin və Hindistan hesab olunur. Çin iqtisadi artım tempini saxlaya bilsə, artıq 2032-ci ildə dünyada LNG-nin ən böyük idxalçısı olacaq.
Avropa da bu qazın əsas alıcılarındandır. Burada LNG idxalı üçün bütün infrastruktur mövcuddur. Türkiyə də daxil olmaqla, bu regionun LNG terminallarının qəbuletmə gücü 160 milyon tondan yuxarıdır. Üstəlik, Almaniya, Xorvatiya, Estoniya, İrlandiya və Kipr əlavə olaraq 29,6 milyon tonluq terminallar tikməyi planlaşdırırlar.
Maye qaz 2018-ci ildə dünya qaz təchizatında 40 faiz paya malik olub. Lakin ekspertlər bu payın sürətlə artacağını proqnozlaşdırırlar Məsələn, Rusiya Energetika Nazirliyinin proqnozuna görə, 2035-ci ildə LNG-yə tələbat 600 milyon tona çatmaqla, ümumi təchizatın 51 faizinə yüksələcək. Royal Dutch Shell hesab edir ki, 2040-cı ildə ümumi qaz istehlakında LNG-nin payı 60 faizə çatacaq.
Maye qaza tələbatı artıran əsas amillərdən biri də onun daha təhlükəsiz ekoloji təmiz olmasıdır: korroziya yaratmır,yanmıq, toksik deyil, öz-özlüyündə partlayış təhlükəsi yoxdur. Lakin buxarlanma zamanı buxarın konsentrasiyası 5-15 faiz aralığında olarsa və yanma mənbəyi ilə kontakt olarsa partlayışa səbəb ola bilər. Sızma olarsa torpağı və suyu çirkləndirmir, çünki onlarla təmas zamanı heç bir iz buraxmadan buxarlanır. Bütün bunlar yaxın gələcəkdə LNG-nin təbii qazı sürətlə bazardan sıxışdırması ilə nəticələnəcək.
Həm ABŞ, həm Rusiya LNG istehsalının həcmini artırmaq planları qururlar. Hazırda Rusiyanın maye qaz istehsalı gücü illik 28,5 milyon ton təşkil edir. Rusiya yaxın 12 ildə illik istehsal gücünü 120-140 milyon tona, ABŞ isə 10 ildə istehsalı 5 dəfə artırıb 101 milyon tona çatdırmağı hədəfləyir. Lakin ekspertlər hesab edirlər ki, Rusiyanın bu hədəfə çatması indiki sanksiyalar şəraitində mümkün görünmür. Sanksiyalar ruslara imkan vermir ki, müasir texnologiyalardan, avadanlıqlardan istifadə etsinlər.
Göründüyü kimi, Rusiyanın Avropaya əsas təsir elementi olan təbii qaz bazarında da sıxışdırılması planı uğurla irəliləməkdədir. Bu şəraitdə Moskvanın atdığı addımlar isə daha çox özünə qarşı yönəlir…
Qaynarinfo-nun İqtisadiyyat şöbəsi

  DİGƏR XƏBƏRLƏR