Hazırlıq kurslarının fəaliyyəti niyə bərpa olunmur? – VİDEO

Aprelin 27-dən qrup halında məşğələlər istisna olmaqla fərdi tədris və repetitor xidmətləri bərpa olundu. Amma hələ də kursların fəaliyyət göstərməsi ilə bağlı qadağalar var.

Baku.TV-nin xəbərinə görə, bir neçə müddətdir ki, sosial izolasiya qaydalarına əməl olunmaqla kafe və restoranların fəaliyyəti 18:00-dək bərpa olunubsa, bəs nə üçün kurslar hələ də fəaliyyət göstərmir?

İndi ortaya bir sual çıxır. Ara məsafəsi saxlanmaqla, sosial izolasiya qaydalarına əməl etməklə, kursların fəaliyyəti bərpa oluna bilməzmi? Yəni gələcək nəyin və ya kimin üzərində qurulmalıdır? Yeyib-içməyin, yoxsa təhsil almış gəncliyin?

Buraxılış sinifləri olan şagirdlərin yaxın aylarda ali təhsil müəssisələrinə qəbul imtahanı verəcəklərini nəzərə alsaq, onlar üçün məşğələlərin nə dərəcədə vacib olduğunu başa düşmək çətin deyil. Müəllimlər də distant təhsilin o qədər də effektiv olmadığını, yaxın günlərdə mütləq şəkildə təhsillə bağlı olan qadağaların aradan götürülməsinin vacibliyini bildirirlər.

“Karantin rejiminin hazırkı yumşaldığı bir dönəmdə tədris müəssisələrinin, kursların açılması labüddür. Niyə də kurs, repetitor hazırlığında şagirdlər bir qrupda 5-6 nəfərin iştirakı mümkün olmasın. Sosial izolasiyanı, gigiyenik qaydaları gözləməklə dərs proseslərinin bərpası mümkündür”, – deyə, müəllim Məzahim Mustafazadə qeyd edir.

Ekspertlər bildirir ki, mövcud zərurətə görə, qəbul imtahanında iştirak edən bütün şagirdlər imtahan nəticələrini repetitorlara və hazırlıq kurslarına borcludurlar. Mövcud vəziyyətdə isə repetitorlar yalnız 1 nəfərlə fəaliyyət göstərə bilər. Bu isə bütün hallarda orta ümumtəhsil müəssisələrində təhsil alan şagirdlər üçün çatışmazlığı ortaya çıxarır.

Görünən odur ki, bu mövzuda istər vətəndaşların, istərsə də ekspert və müəllimlərin fikirləri üst-üstə düşür. Belə olan halda isə tezliklə repetitor və qrup halında məşğələlər ilə bağlı qaydaların dəyişdirilməsi yaxşı olar.

  DİGƏR XƏBƏRLƏR