Dahi Asəf Zeynallının məzarı – “Onun da qohumu mühüm bir vəzifədə olsaydı” – FOTO

“Şəkildə gördüyünüz Azərbaycan milli musiqi sənətində silinməz iz qoymuş Asəf Zeynallının məzarıdır. Utanc saçan bir görüntüdür! Ona görə ki, bu günlərdə həbs edilən Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov 10 milyonlara obyektlər alanda sərhədsiz istedad sahibi olmuş, cəmi 23 yaşında bütün mədəniyyət nazirliyinin on illərdə görmədiyi işlər görmüş A.Zeynallının qəbri də elə bu gündə olmalı idi…”

Yeniavaz.com xəbər verir ki, bu barədə hüquqşünas Aslan İsmayılov sosial şəbəkədə məlumat yayıb.

A.İsmaayılov dahi bəstəkarın adının 2001-ci ildə Musiqi Texnikumundan götürülməsinə də diqqət çəkib: “Elə indilərdə oxudum ki, 1953-cü ildən Asəf Zeynallının adını daşıyan Musiqi Texnikumu 2001-ci ildən Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci adlandırılır və A.Zeynallının adı oradan götürülüb. Sadəcə ayıbdır, özü də hamımız üçün! Dəqiq bildiyim odur ki, bu gün ona sahib çıxacaq heç kimi yoxdur. Çünki, onun da hansısa qohumu mühüm bir vəzifədə olsaydı, şəhərin görkəmli yerində dövlət hesabına yüz minlik heykəli ucalardı, adına kolleclər, texnikumlar fəaliyyət göstərərdi. Deməli biz hələ də Xalq olaraq öz dəyərlərimizə sahib çıxa bilmirik! Nə qədər ki, öz milli dəyərlərimizə sahib çıxmayacayıq, hansısa gələcəkdən danışmaq əbəsdir.

Ümid edirəm ki, bu biabırçılıq ictimailəşəndən sonra lazımı tədbirlər görüləcək və ən əsası dahi Asəf Zeynallının adı öz yerinə qayıdacaq!”

  DİGƏR XƏBƏRLƏR